“Barselona” azarkeşləri beşillik həsrətdən sonra yenilənmiş “Kamp Nou”da pley-off ab-havasını yenidən hiss etdilər. İngiltərədəki sönük 1:1-lik bərabərlikdən sonra Hansi Flikin rəhbərlik etdiyi Kataloniya təmsilçisi cavab matçında rəqibini 7:2 hesabı ilə darmadağın etdi. Meydana çıxan ən gənc heyətlərdən biri (orta yaş: 25 yaş 18 gün) öz enerjisi ilə matça damğa vurdu.
Bu qarşılaşma bəzi maraqlı faktlarla yadda qaldı. Lamin Yamal Kilian Mbappenin rekordunu qıraraq, Çempionlar Liqasında 10 qol həddinə çatan ən gənc futbolçu kimi adını tarixə yazdırdı. Robert Levandovski turnirdə 109 qolla 3-cü bombardir statusunu möhkəmləndirən polyak hücumçu, həm ÇL-də dubl edən ən yaşlı oyunçu (37 yaş 209 gün), həm də ən çox fərqli komandaya (41 klub) qol vuran futbolçu oldu. “Barsa” sonuncu dəfə 2016-cı ildə (“Seltik” – 7:0) bir ÇL matçında rəqib qapısından 7 top keçirmişdi.
“Bavariya” “Atalanta”nı iki oyunun nəticəsinə görə 10:2 hesabı ilə (ikinci matç 4:1) əzərək 1/4 finala adladı. “Opta”nın məlumatına görə, “Atalanta” Avrokubokların pley-off tarixində iki qapısından 10 və ya daha çox qol buraxan ilk İtaliya komandası oldu.
Münxenlilərin heyətində Harri Keyn dubl etdiyi halda, Luis Dias və gənc Lennart Karl hərəyə bir qol və bir məhsuldar ötürmə ilə yadda qaldılar. “Squawka”nın məlumatına əsasən, Karl (18 yaş 24 gün) Çempionlar Liqası matçında “qol + məhsuldar ötürmə” müəllifi olan ən gənc alman futbolçu oldu.
“Liverpul” ikinci hissədəki əla oyunu ilə “Qalatasaray”ı 4:0 hesabı ilə üstələdi. Matçın qəhrəmanlarından biridə Məhəmməd Salah oldu. Birinci hissədə penaltidən qaçıran misirli ulduz, fasilədən sonra 1 qol və 1 məhsuldar ötürmə ilə vəziyyəti düzəltdi. Bu, Salahın Çempionlar Liqasında vurduğu 50-ci qol idi. O, bu rəqəmə çatan ilk afrikalı futbolçu olmaqla yanaşı, turnir tarixinin ən yaxşı bombardirləri siyahısında Tyerri Anri ilə birlikdə 10-cu sıranı bölüşür.
Bu mərhələnin ən səs-küylü hadisəsi, şübhəsiz ki, İngiltərə Premyer Liqası təmsilçilərinin kütləvi şəkildə turniri tərk etməsi oldu. Çərşənbə axşamı “Mançester Siti” və “Çelsi”nin mübarizəni dayandırmasının ardınca, çərşənbə günü “Nyukasl” və “Tottenhem” də eyni aqibəti yaşadı. “Opta”nın statistikasına görə, Çempionlar Liqası tarixində ilk dəfədir ki, eyni çempionatın 4 komandası bir mərhələdə turnirlə vidalaşır.
Londonda “Atletiko”ya qarşı fədakar oyun nümayiş etdirən “Tottenhem” (Xavi Simonsun dublu ilə 3:2 qələbə) ilk matçdakı darmadağının qurbanı oldu və ümumi hesabda (5:7) məğlub olaraq turniri tərk etdi.
Çempionlar Liqası, 1/8 final, Cavab oyunları
”Barselona” – “Nyukasl” 7:2 (ilk oyun 1:1)
Rafinya, 6; 72. Bernal, 18. Yamal, 45+7. Fermin Lopes, 51. Levandovski, 56; 61 – Elanqa, 15; 28.
”Bavariya” – “Atalanta” 4:1(6:1)
Keyn, 25-p.; 54. Karl, 56. Luis Dias, 70 – Samarciç, 41.
”Liverpul” – “Qalatasaray” 4:0 (0:1)
Soboslai, 25. Eketike, 51. Qravenberx, 53. Salah, 62.
”Tottenhem” – “Atletiko” 3:2 (2:5)
Kolo Muani, 30. X. Simons, 52; 90-p. – X. Alvares, 47. Hanko, 75.