Çempionlar liqasının ilk oyun günü məhsuldarlığı və bir sıra maraqlı faktları ilə yadda qaldı. Xatırladım ki, 9 oyunda qapılara üst-üstə 43 qol vuruldu. Bu orta hesabla hər oyuna 5,38 qol deməkdir.
Evdə İtaliya çempionu “Napoli”ni 6:2 hesabı ilə məğlub edən PSV 1979-cu ildən bəri Çempionlar Liqası və Çempionlar kubokunda bir oyunda 6 top vuran ilk holland klubu oldu. Həmin ilin oktyabrında “Ayaks” Kipirin “Omoniya” klubunu darmadağın etmişdi – 10:0.
Belçika “Yunion”unu böyük hesabla məğlub edən (4:0) İtaliya “İnter”i dörd top fərqi ilə sonuncu səfər qələbəsini 21 il əvvəl qazanıb. Milanlılar 2004-cü ilin oktyabrın 21-də səfərdə “Valensiya”nı məğlub etmişdi – 5:1. Gecənin digər məhsuldar oyunu “Barselona” – “Olimpiakos” oldu. Kataloniyalılar yunanları 6:1 hesabı ilə məğlub etdilər. “Barsa” sonuncu dəfə 2015-ci ildə rəqib qapısına 6 top vura bilmişdi. Bu PSJ ilə oyunda baş vermişdi. Səfərdə 1:5 hesabı ilə uduzan kataloniyalılar Messi-Suares-Neymar triosunun sayəsində məğlubiyyətin əvəzini çıxaraq növbəti mərhələyə adlaya bilmişdi.
“Kayrat” – “Pafos” oyunu yeni rekordla tarixə düşdü. Hakim görüşün 4-cü dəqiqəsində ayaqla qazax futbolçunun başına zərbə endirən Joau Korreyraya qırmızı vərəqə göstərdi. Kiprli meydandan qovularkən oyunun başlanmasından 3 dəqiqə 3 saniyə keçmişdi. Korreyra ÇL-in tarıxinə ən erkən qırmızı vərəqə alan oyunçu kimi düşdü. Əvvəlki antirekordun sahibi ukraynalı Aleksandır Kuçer idi (3 dəqiqə 59 saniyə). “Şaxtyor”un ftbolçusu 2015-ci ilin martında “Bavariya”ilə oyunda meydandan qovulmuşdu.