İngiltərə Futbol Assosiasiyası (FA) “Çelsi” klubuna qarşı 74 ittiham irəli sürüb. Söhbət futbol agentləri, vasitəçilər və oyunçulara üçüncü tərəf investisiyaları ilə bağlı qayda pozuntularından gedir. Şübhələr əsasən Roman Abramoviç dövründəki əvvəlki rəhbərliyə yönəlib. Araşdırma 2009–2022-ci illəri əhatə edir və əsasən 2010/11–2015/16 mövsümlərində baş vermiş hadisələrlə bağlıdır. FA “Çelsi”yə cavab verməsi üçün 19 sentyabra qədər vaxt verib.
London klubu dərhal rəsmi açıqlama yayıb: “Çelsi” Futbol Klubu məmnuniyyətlə təsdiqləyir ki, klubun öz təşəbbüsü ilə Futbol Assosiasiyasına təqdim etdiyi məsələlərlə bağlı əməkdaşlıq artıq yekunlaşmaq üzrədir. Klubun yeni sahiblər qrupu 30 may 2022-ci ildə klubun satınalma prosesini başa çatdırdı. Satınalma tamamlanmazdan əvvəl aparılan diqqətli yoxlamalar zamanı əvvəlki maliyyə əməliyyatlarının hesabatlarında natamamlıq və Futbol Assosiasiyasının qaydalarının mümkün pozuntuları aşkarlandı. Satınalma başa çatdıqdan dərhal sonra klub bu barədə bütün aidiyyəti qurumlara, o cümlədən Futbol Assosiasiyasına (FA) özü məlumat verdi”.