Qadın basketbolçulardan ibarət millimiz bu gün Avropa çempionatı-2027-nin seçmə mərhələsində növbəti matçına çıxır. E qrupunda mübarizə aparan komandamız 4-cü tur çərçivəsində səfərdə Bolqarıstan seçməsinin qonağı olacaq.
Plovdiv şəhərindəki “Kolodrum” arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Xatırladaq ki, qrupun ilk oyunlarında millimiz evdə Bolqarıstana (48:141) və Monteneqroya (62:104), səfərdə isə Ukraynaya (34:98) məğlub olub. Bu gün keçiriləcək matç komandamız üçün həm revanş, həm də qrupdakı mövqeyini yaxşılaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Seçmə mərhələnin qrafiki kifayət qədər sıxdır. Bolqarıstan səfərindən dərhal sonra millimizi daha iki vacib oyun gözləyir:
14 mart (saat 20:00): Monteneqro – Azərbaycan (səfər)
17 mart (saat 19:00): Azərbaycan – Ukrayna (ev)
AVRO-2027-nin final mərhələsinə vəsiqə qazanmaq üçün komandalar qrupda ilk iki yeri tutmalı və ya qruplarda üçüncü yeri tutan kollektivlər arasında ən yaxşı nəticəni göstərməlidir. Qeyd edək ki, qitə birinciliyinin final mərhələsinə Belçika, İsveç, Finlandiya və Litva birgə ev sahibliyi edəcək.