Avropa Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları dramatik hadisələrlə yadda qalıb. İtaliya derbisində “Roma”nı qəbul edən “Bolonya”, məhsuldar keçən oyunda 4:3 hesablı qələbə qazanaraq paytaxt təmsilçisini turnirdən kənarlaşdırıb.
Bu qələbə Vinçenso İtalyanonun yetirmələri üçün təkcə növbəti mərhələyə vəsiqə deyil, həm də tarixi nailiyyət mənasına gəlir. Belə ki, “Bolonya” 21-ci əsrdə ilk dəfə olaraq Avropa kuboklarında dörddəbir final həyəcanı yaşayacaq.
Klubun avrokuboklardakı son uğurları ötən əsrin 90-cı illərinə təsadüf edir:
“Bolonya” 1990/1991 mövsümündə Avstriyanın “Admira-Vakker” səddini keçməyi bacarsa da, 1/4 finalda Lissabonun “Sportinq” klubuna məğlub olaraq turnirlə vidalaşmışdı.
Klubun tarixində ən parlaq səhifələrdən biri 1998/1999 mövsümü hesab olunur. Həmin vaxt UEFA kubokunda inamla irəliləyən İtaliya təmsilçisi yarımfinalda Fransanın “Marsel” klubu ilə qarşılaşmış və finalın bir addımlığında mübarizəni dayandırmalı olmuşdu. Maraqlıdır ki, həmin mövsümün finalında başqa bir İtaliya klubu — “Parma” “Marsel”i 3:0 hesabı ilə darmadağın edərək kubokun sahibi olmuşdu.
İndi isə bütün diqqətlər püşkatmaya və “Bolonya”nın 1/4 finaldakı rəqibinə yönəlib. Görünən odur ki, İtalyanonun komandası 27 illik fasilədən sonra yenidən Avropa arenasında səs salmaqda qərarlıdır.