FİFA-nın keçmiş prezidenti Yozef Blatter, DÇ-2026 ərəfəsində Beynəlxalq Futbol Federasiyasını sərt şəkildə tənqid edib.
89 yaşlı eks-prezident təşkilatın hazırkı rəhbərliyini diktaturada və siyasi müdaxilələrə boyun əyməkdə günahlandırıb: “Əvvəlcə FİFA mənfiyə doğru dəyişdi, sonra daha da pisləşdi. İndi isə hər zamankından daha bərbad vəziyyətdədir. Təşkilatda tam bir diktatura hökm sürür, məmurların əl-qolu bağlanıb. İnsanları susdurmaq üçün onlara ya pul verirlər, ya da vəzifələrini yüksəldirlər”.Blatter xüsusilə ABŞ prezidenti Donald Trampın dünya çempionatı proseslərinə müdaxilə etməsindən narahatlığını dilə gətirib: “ABŞ prezidentinin dünya çempionatının işlərinə müdaxilə etməsi FİFA-nın başına gələn ən pis hadisədir. Üstəlik, buna qarşı heç bir müqavimət göstərilmir. Niyə biz öz mövqeyimizi müdafiə etmirik? Mən FİFA üzvlərindən çıxış etmələrini və bunun yanlış olduğunu demələrini xahiş edirəm. Hələ də nəyisə dəyişmək üçün vaxtımız var”.