İsveçrə çempionatının finişinə bir aydan az vaxt qalmış futbol ictimaiyyəti gözlənilməz xəbərlə sarsılıb. Turnir cədvəlinə sensasiyalı şəkildə başçılıq edən “Tun”, ən yaxın izləyicisi “Sankt-Qallen”i 12 xal qabaqlayaraq çempionluğa doğru inamla irəliləyir. Cədvəlin 4-cü pilləsində qərarlaşan “Bazel” isə turnir mübarizəsindən daha ağır sınaqla üz-üzə qalıb.
Cümə günü gecə saatlarında “Bazel”in ev stadionunda ciddi yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı klub rəsmi bəyanat yayıb: “Cümə günü gecə saatlarında əsas komandamızın paltardəyişmə otağında yanğın baş verib. Hadisənin başvermə səbəbləri hələlik tam aydınlaşdırılmayıb. Xəsarət alan olmayıb, lakin kluba külli miqdarda maddi ziyan dəyib. Sürətlə yayılan alov əsas komandanın istifadəsində olan sahəni tamamilə külə döndərib”.
Klubun hesabatında qeyd olunur ki, yanğın nəinki otaqları, həm də komandanın fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edən bütün avadanlıqları sıradan çıxarıb. Paltardəyişmə, ləvazimat anbarları, baş məşqçinin və komanda menecerinin kabinetləri, həmçinin fizioterapiya, duş və sanitar qovşaqlar ciddi zərər görüb. Futbolçuların fərdi butsları, bütün oyun və məşq formaları, tibbi və texniki avadanlıqlar tamamilə məhv olub.Yaranmış fövqəladə vəziyyət – xüsusilə də qısa müddətdə bərpası mümkün olmayan texniki və tibbi təchizatın itirilməsi səbəbindən, şənbə günü keçirilməli olan “Bazel” – “Tun” qarşılaşması ləğv edilib. Oyunun hansı tarixdə keçiriləcəyi barədə hələlik rəsmi məlumat yoxdur.