“Bavariya”nın 17 yaşlı vunderkindi Lennart Karlın “Real” sevgisi Münhendə böyük qalmaqala səbəb olub. Gənc futbolçunun səmimi etirafları azarkeşlərin sərt təpkisi ilə qarşılanıb və onu radikal addımlar atmağa məcbur edib.
Hər şey azarkeşlərlə görüş zamanı Karlın verdiyi cavabla başlayıb. O, “Bavariya”da oynamağın fəxr olduğunu desə də, gizli arzusunu dilə gətirib: “Aramızda qalsın, amma bir gün mütləq “Real”da oynamaq istəyirəm. Bu, mənim xəyalımdakı klubdur”.
Maraqlıdır ki, Karlın bu sevgisi keçmişə dayanır. Futbolçu hələ 2018-ci ildə Madrid klubunda baxışda olsa da, bəyənilməyərək geri qaytarılıb. Həmin vaxtdan onun yeganə təsəllisi “Santiaqo Bernabeu”da “Real” forması ilə çəkdirdiyi xatirə fotosu olub.
Bu açıqlamalar mediada sürətlə yayıldıqdan sonra “Bavariya” tərəfdarları sosial mediada gənc oyunçuya qarşı “səlib yürüşü”nə başlayıblar. Azarkeşlər ona dərhal klubdan ayrılmağı məsləhət görüb, rəhbərlikdən və baş məşqçi Vinsent Kompanidən futbolçuya qarşı sərt sanksiyalar tətbiq olunmasını tələb ediblər. Hətta onun mövsümün sonuna qədər ehtiyat oyunçular skamyasında “çürüməsi”ni istəyənlər də tapılıb.
Təzyiqlərin və təhqiramiz şərhlərin artması fonunda 17 yaşlı yarımmüdafiəçi çarəni Instagram hesabında şərhləri bağlamaqda görüb.
Hazırda “Bavariya”nın gələcək planlarında mühüm yer tutan Karl üçün bu hadisə böyük bir dərsə çevrilib. Bir tərəfdən uşaqlıq xəyalları, digər tərəfdən isə peşəkar karyerası arasında qalan gənc ulduzun bu gərginliyi necə idarə edəcəyi maraq doğurur.