“Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atalanta” ilə cavab oyunu öncəsi gözlənilməz və kritik qapıçı böhranı ilə üzləşib. Münhen təmsilçisi həlledici matç ərəfəsində dörd qolkiperinin xidmətindən məhrum olub.
“Sportbible” nəşrinin yaydığı məlumata görə, komandanın əsas siması Manuel Noyerlə yanaşı, Sven Ulrayh və Leon Klanak zədə səbəbindən sıradan çıxıblar. Beyin silkələnməsindən sonra bərpa prosesi keçən Yonas Urbiq isə hələ tam hazır deyil.
Yaranmış vəziyyətdə baş məşqçi Vensan Kompaninin heyətdə inqilabi addım atacağı gözlənilir. Belə ki, Çempionlar Liqası kimi nüfuzlu turnirdə debüt şansı 16 yaşlı Leonard Preskotta verilə bilər. Gənc qapıçı ötən həftəsonu Bundesliqada “Bayer”ə qarşı keçirilən oyunun iştirak ərizəsində yer alsa da, hələ meydançaya çıxmayıb.
Nyu-Yorkda doğulub Berlində böyüyən Leonard Preskotun karyerası kifayət qədər maraqlı faktlarla zəngindir. O, 2023-cü ilin yayında Berlin “Union”unun akademiyasından “Bavariya”ya transfer olunub və hazırda Almaniyanın U-17 yığmasının şərəfini qoruyur. Bir neçə il əvvəl Münhen klubunun ev oyunlarında topdaşıyan kimi fəaliyyət göstərən Leonard, vaxtilə kumiri Manuel Noyerlə xatirə şəkli də çəkdirib. İndi isə o, kumirinin yerini tutmağa hazırlaşır. Xatırladaq ki, “Bavariya” – “Atalanta” qarşıdurmasının cavab matçı martın 18-də, çərşənbə günü baş tutacaq.