Millinin və “Sabah” gənc istedadı Emmanuel Aqbason FIBA Gənclər Çempionlar Liqasında nümayiş etdiyi performansla Avropanı heyran qoyub. Turnirin ən parlaq simalarından birinə çevrilən basketbolçumuz yarışın “rəmzi beşliyi”nə düşüb.
Aqbason turnir boyu nümayiş etdiyi oyunla bir neçə əsas göstərici üzrə bütün rəqiblərini geridə qoyaraq liderliyə yüksəlib. Onun orta statistik göstəriciləri peşəkar səviyyədə yüksək qiymətləndirilir:
Effektivlik: 35.0 (Turnir birincisi)
Xal: 24.5 (Turnir birincisi)
Ribaund: 16.5 (Turnir birincisi)
Blok-şot: 4.5 (Turnir birincisi)
Turnirdə Emmanuel xüsusilə iki qarşılaşmada “double-double” performansları ilə yadda qalıb. Türkiyənin “Tofaş Bursa” klubu ilə oyunda (86:60) 26 xal və 23 ribaundla komandasına inamlı qələbə qazandıran basketbolçu, digər matçda daha böyük uğura imza atıb.
Almaniyanın “Porşe BBA Lyudviqsburq” komandasına qarşı keçirilən və “Sabah”ın 72:61 hesablı üstünlüyü ilə bitən görüşdə Aqbason 28 xal, 20 ribaund və 8 blok-şotla Gənclər Çempionlar Liqasının rekordunu müəyyənləşdirib.Xatırladaq ki, Azərbaycan basketbol tarixində ilk dəfə bu nüfuzlu yarışa qatılan “Sabah” klubu, 12 komandanın mübarizə apardığı turniri 7-ci pillədə başa vurub.