“Bakıda yolu keçmək üçün sürücünü gərək ‘qorxudasan’” – Polşalı qapıçının Bakı müşahidələri

11.02.26 | 17:22
Ölkə futbolu

Polşanın nüfuzlu “Przegląd Sportowy” nəşrinə müsahibə verən “Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerası, Bakıdakı həyatı, Qurban Qurbanovun metodları və Azərbaycan futbolu haqqında maraqlı açıqlamalar verib.

Karyerasındakı sürətli yüksəliş

Koxalski Polşanın “Stal” klubundan ayrıldıqdan qısa müddət sonra “Tottenhem”, “Ayaks”, “Napoli” və “Çelsi” kimi nəhənglərlə qarşılaşmasından danışıb. O, son olaraq “Enfild”də “Liverpul”a qarşı oynadığını və qarşıda onları “Nyukasl”la matçlar gözlədiyini vurğulayıb: “Mən meydanda sadəcə işimi görürəm, bu məni stressdən uzaq tutur. “Çelsi” ilə qarşılaşanda rəqib heyətin üçdə birini tanımırdım. 2010-cu ildə olsaydı, bütün heyəti əzbər sayardım, amma indi rəqibin kim olmasının mənim üçün fərqi yoxdur”.

“Napoli” matçı və Azərbaycan mətbuatı

Azərbaycan mətbuatının onun “Napoli” ilə oyundakı çıxışına (0:2 məğlubiyyətə baxmayaraq) “Bu, insan deyil!” başlığı atmasına toxunan qapıçı, bunu karyerasının ən sevimli anlarından biri hesab edir:  “Penaltini dəf etdim, bir neçə vacib seyv etdim. Məğlub olsaq da, fərdi baxımdan bu matç mənim üçün böyük müsbət idi”.

“Qarabağ”ın və Qurban Qurbanovun sirləri

Koxalski “Qarabağ”ın uğurunun memarı kimi Qurban Qurbanovu göstərib: “Qurban Qurbanov artıq 17 ildir buradadır. O, çox tələbkardır. Məşqlərdə futbolçulara topu geriyə — qapıçıya qaytarmağı qadağan edir. Rəqibin kimliyindən asılı olmayaraq, həmişə hücum etməliyik. Klub Portuqaliya və ya Braziliya ikinci liqalarından belə istedadlı oyunçuları tapıb gətirə bilir. Heç kim bura yarım gücü ilə oynamağa gəlmir, hər kəsin məqsədi özünü göstərib daha böyük liqalara getməkdir”.

Bakı həyatı tıxaclar və sürücülük mədəniyyəti

Polşalı qolkiper Bakıdakı həyatından da söz açıb. Şəhərin gözəlliyini və təhlükəsizliyini bəyənsə də, yollardan şikayətçidir:  “Bakıda sürücülərin sanki öz qaydaları var. Mən artıq mərkəzə maşınla getmirəm, çünki bu, çox əsəb korlayır. Svetoforun sarı işığı yanan kimi arxadakılar siqnal verməyə başlayır. Piyada keçidlərində isə maşınlar dayanmır, gərək sürücünü bir az “qorxudasan” ki, tormozu bassın”.

O, həmçinin Bakıda tanınmağın üstünlüklərindən də danışıb: “Kafedə və ya mağazada bəzən pul almaq istəmirlər, amma mən bu imtiyazlardan istifadə etmirəm, xüsusi rəftar görmək istəmirəm”.

“Ailəm üçün qayıtmaq istəyirdim”

Koxalski “Vidzev”dən gələn təklifi qəbul etdiyini səmimi şəkildə etiraf edib. O, Bakıdakı karyerasından razı olsa da, ailəsindən uzaq qalmağın ona psixoloji cəhətdən çətinlik yaratdığını vurğulayıb: “Təsdiqləyə bilərəm ki, təklif var idi və mən qarşı tərəfə “hə” demişdim. Bakıda idman baxımından yaxşı nəticələr qazanıram, Çempionlar Liqasında oynayıram və inkişaf edirəm. Bura uğur qazanmaq üçün mükəmməl yerdir. Amma bir məqam var ki, bu barədə əvvəllər danışmamışam. Məşqdən və ya oyundan sonra evə qayıdanda tək qalıram. Futbol mənim üçün çox vacibdir, amma ailəm və sevdiklərim hər zaman prioritet olub. Nişanlım tez-tez yanıma gəlsə də, o, Polşaya qayıdanda yenə təkbaşına mübarizə aparmalı oluram. Mən ailə adamıyam və bu ayrılıq mənə pis təsir edir. Məhz buna görə “Vidzev”in təklifini qəbul etmişdim. Ümid edirəm ki, insanlar məni başa düşəcək”.

“Qarabağ” niyə icazə vermədi?

Qapıçı transferin baş tutmamasının səbəbini klub rəhbərliyinin qərarı ilə əlaqələndirib: “Klub rəhbərliyi razılıq vermədiyi üçün keçid alınmadı. Ehtiyat qapıçımız zədələndi, yeni qolkiperin qeydiyyatında isə problemlər yarandı. Mən komanda üçün vacib oyunçu olduğumdan “Qarabağ” “Vidzev”in təklifini rədd etdi. Bunu anlayışla qarşılayıram və artıq bu barədə düşünmürəm. “Vidzev” başqa qapıçı tapdı və mövzu bağlandı”.

Dortmund “Borussiya”sı şayiələri

Mateuş Koxalski Almaniyanın “Borussiya” (Dortmund) klubunun onunla maraqlanması barədə yayılan xəbərlərə də aydınlıq gətirib: “Borussiya”dan heç bir rəsmi təklif almamışamMən də o xəbərləri oxumuşdum. Deyə bilərəm ki, son bir neçə həftə ərzində haqqımda yayılan transfer xəbərlərinin 90 faizi yalandır”.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09