Azərbaycan Premyer Liqasının cari mövsümünə damğa vuran “Sabah”ın uğurlarında payı olan əsas simalardan biri, şübhəsiz ki, Timoteuş Puxaçdır. Mövsümün əvvəlində “Holştayn Kil”dən icarəyə götürülən polşalı sol cinah müdafiəçisi, Bakı təmsilçisində nümayiş etdirdiyi oyunla həm azarkeşlərin sevimlisinə çevrilib, həm də karyerasında yeni bir səhifə açıb.
Gözləntiləri alt-üst edən transfer
Puxaç Bakıya gələndə bir çox mütəxəssis onun böyük futboldakı karyerasının sonuna yaxınlaşdığını proqnozlaşdırırdı. Lakin Polşa millisinin üzvü bu iddiaları darmadağın etdi. Hazırda turnir cədvəlində “Qarabağ”ı 10 xal qabaqlayaraq liderlik kürsüsündə əyləşən “Sabah”ın heyətində Puxaç əvəzolunmaz fiqura çevrilib.
Onun statistik göstəriciləri isə heyranedicidir:
Çempionat. 23 oyunda 9 məhsuldar ötürmə.
Ölkə kuboku. 2 oyunda 2 qol.
“Sabah” onu birdəfəlik transfer edir
Polşanın məşhur Meczyki.pl portalının jurnalisti Tomaş Vlodarçikin məlumatına görə, “Sabah” rəhbərliyi Puxaçın çıxışından çox razıdır və onu komandada saxlamaq üçün artıq hərəkətə keçiblər.
“Alman klubu ilə danışıqlar davam edir və çox güman ki, müsbət nəticələnəcək. “Sabah” rəhbərliyi oyunçunun həm meydandakı performansından, həm də klub daxilindəki nüfuzundan olduqca məmnundur,” – deyə Vlodarçik bildirib.
Transferin maliyyə detalları
Məlumata görə, “Holştayn Kil” ilə müqavilədə Puxaçın transfer hüquqlarının birdəfəlik alınması üçün 600 000 avro məbləğində təzminat bəndi var. Lakin “Sabah” rəhbərliyi bu məbləği aşağı salmaq üçün almanlarla intensiv danışıqlar aparır.
Səyyah futbolçunun Bakı limanı
Karyerası ərzində 10 fərqli klubun formasını geyinən Puxaç, karyerasının ən parlaq dövrlərini Poznanın “Lex” (82 oyun) və “Kayzerslautern” (36 oyunda 13 assist) klublarında keçirib.
Almaniyadakı sönük mövsümlərin ardından reabilitasiya dövrünü Bakıda keçən Puxaç, “Sabah”ın heyətində yenidən doğulduğunu və öz “mən”ini tapdığını nümayiş etdirir.