Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi məlumatına görə, “Nyukasl”ın Bakı səfəri təkcə hesab deyil, həm də qırılan rekordlarla yadda qalıb. Budur Çempionlar Liqasının (ÇL) tarixinə düşən həmin inanılmaz göstəricilər:
Qara-ağların komanda rekordları
Tarixi məhsuldarlıq: İngiltərə təmsilçisi ilk dəfə ÇL-də bir oyunda 6 qol vurmağı bacarıb.
İlk hissədə darmadağın: “Nyukasl” pley-off mərhələsində ilk hissəni 5:0 hesabı ilə bitirərək turnirin rekordunu təkrarlayıb. Bu nəticə sonuncu dəfə 2015-ci ildə “Bavariya” – “Portu” (6:1) matçında qeydə alınmışdı.
İldırım sürətli başlanğıc: Səfərdə cəmi 7 dəqiqə 51 saniyə ərzində hesabı 2:0 edən “sağsağanlar”, turnir tarixinin ikinci ən erkən dubluna imza atıblar (Rekord: 2014-cü ildə “Borussiya D.” – “Zenit” matçındadır – 4 dəq. 53 sən.).
Gecənin qəhrəmanı: Entoni Qordon
Bir hissədə poker: İlk 45 dəqiqədə 4 qol vuran Qordon, Luiz Adrianonun (2014, BATE-yə qarşı) rekorduna şərik çıxıb. Lakin o, turnirin həlledici mərhələlərində (pley-off) bunu bacaran ilk futbolçu kimi tarixə düşüb.
10 oolluq sədd: Qordon ÇL-də bir mövsümdə 10 qol həddinə çatan ikinci ingilis futbolçudur (Harri Keyndən sonra).
Eddi Haunun “İngilis İnqilabı”
Baş məşqçi rekordu: Eddi Hau bir mövsümdə ÇL-də 5 qələbə qazanan ingilis məşqçilər (Bobbi Robson və Qrem Potter) arasına adını yazdırıb.
Milli özəllik: “Nyukasl” son 30 ildə pley-off oyununa 7 ingilis futbolçu ilə başlayan ilk İngiltərə klubudur (Sonuncu dəfə: “Mançester Yunayted” – “Monako”, 1997/98).
Ən Uzaq Səfər
Bakı səfəri “Nyukasl” üçün həm də coğrafi rekord olub. 4 070 kilometrlik məsafə bir İngiltərə klubunun Çempionlar Liqası tarixində qət etdiyi ən uzaq məsafə kimi qeydə alınıb.