Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” ilə İngiltərə “Nyukasl”ı arasındakı ilk oyunöncəsi baş məşqçilərin mətbuat konfranslarının vaxtı məlum olub. Klubun rəsmi saytı xəbər verir ki, fevralın 17-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda “Köhlən atlar”ın çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı başlayacaq. Yarım saat sonra isə komandanın oyunöncəsi son məşqi start götürəcək.
“Sağsağanlar”ın sükanı arxasında əyləşən Eddi Hau isə jurnalistlərin suallarını saat 20:30-da cavablandıracaq. 30 dəqiqə sonra isə onun yetirmələri son məşqlərinə çıxacaq.
Hər iki məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.
Xatırladaq ki, “Qarabağ” – “Nyukasl” qarşılaşması fevralın 18-də sözügedən arenada keçiriləcək və saat 21:45-də başlayacaq.