“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qarabağ”a məğlubiyyəti (1:3) şərh edib. Mütəxəssis komandasının çıxışını və oyundakı kritik məqamları dəyərləndirib: “Matçın son dəqiqələri bizi məyus etdi. ‘Qarabağ’ın gücünə bələd idik. Görüşə yaxşı başlamasaq da, sonradan müəyyən imkanlar yarada bildik. İkinci hissədə rəqibin təzyiq artıracağını gözləyirdik, təəssüf ki, həmin məqamlarda səhvlərə yol verdik. Əgər son dəqiqədəki penaltini dəqiq yerinə yetirsəydik, bəlkə də şansımız olardı. Hər bir halda, futbolçularıma təşəkkür edirəm, hər 4 gündən bir oyuna çıxmaq asan deyil. Artıq növbəti matçlara hazırlaşacağıq”.
Məşqçi penalti zərbəsini İbrahim Şuaibunun vurmaq istəməsinə də aydınlıq gətirib: “Bizim əsas penalti vuran oyunçularımız Apolinario və Rossidir. Son bir neçə oyunda penaltiləri Kərim yerinə yetirirdi və qollar vururdu”.
Abbasov ötən turdakı tənqidlərinə Peşəkar Futbol Liqası (PFL) tərəfindən gələn reaksiya barədə də danışıb: “Bəli, müəyyən söhbətlərimiz oldu. Hamı meydançaların vəziyyətinin yaxşı olmasını və inkişafın getməsini istəyir. PFL əməkdaşları ilə uzunmüddətli əlaqələrimiz var. Oyundan sonra danışdıq, məsələni öz aramızda həll etdik və bir-birimizi anladıq”.