Şahmat üzrə ölkə çempionatı davam edir. Dünən dörddəbir final mərhələsinin cavab oyunları keçirilib. Kişilərin yarışında reytinq favoriti Şəhriyar Məmmədyarov Əhməd Əhmədzadə ilə heç-heçə oynayaraq, iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib.
Son çempion Rauf Məmmədov Read Səmədovla, Eltac Səfərli Məhəmməd Muradlı ilə, Aydın Süleymanlı isə Nicat Abasovla yenidən sülh bağlayıblar. Bu cütlüklərin taleyi bu gün keçiriləcək tay-brekdə həll olunacaq.
Qadınların yarışında son çempion Günay Məmmədzadə yenidən Ayan Allahverdiyevaya məğlub olub. Reytinq-favorit Ülviyyə Fətəliyeva isə ikinci dəfə Səbinə İbrahimovanı məyus edib. Həm Ayan, həm də Ülviyyə yarımfinala yüksəliblər. Türkan Məmmədyarova Nərmin Abdinova ilə, Gülnar Məmmədova isə Xanım Balacayeva ilə yenidən heç-heçə ediblər. Onlar da bu gün tay-brek görüşləri keçirəcəklər.
Xatırladaq ki, ümumi mükafat fondu 92 000 manat olan ölkə çempionatı fevralın 22-də başa çatacaq.