Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko Ukrayna mətbuatına geniş müsahibə verib. Təcrübəli mütəxəssis Sport.ua portalına açıqlamasında yeni klubundakı hədəfləri və həmkarı Yuri Vernidub ilə gözlənilən rəqabəti barədə maraqlı fikirlər səsləndirib.
Demçenko həmyerlisi haqqında yüksək fikirdə olduğunu gizlətməyib: “General olmağı arzulamayan əsgər, pis əsgərdir. Yuri Nikolayeviç peşəkarlığını ən yüksək səviyyədə sübut etmiş bir mütəxəssisdir. Onun Çempionlar Liqasında “Real”ı üzərindəki qələbəsini xatırlatmaq kifayətdir ki, söhbətin hansı miqyaslı məşqçidən getdiyi anlaşılsın. Belə təcrübəli bir həmkarıma və onun komandasına qarşı rəqabət aparmaq hər zaman maraqlıdır. Bu qarşıdurmanı böyük səbirsizliklə gözləyirəm”.
Müsahibədə həmçinin qeyd olunur ki, Demçenko “Araz-Naxçıvan”la 1,5 illik müqavilə imzalayıb. O, klubun iddialı layihəsindən təsirləndiyini və əsas məqsədinin komandanı turnir cədvəlinin üst sıralarına çıxarmaq olduğunu bildirib. Mütəxəssis Azərbaycan Premyer Liqasının rəqabətli bir mühit olduğunu və burada işləməyin onun üçün yeni bir çağırış olduğunu vurğulayıb.