Bu görüşü turun ən vacib görüşlərindən biri adlandırmaq olar. Meydan sahibləri qələbə təqdirindən ikinci pillədə olan rəqibinə çatmaqla yanaşı, yenidən liderlər qrupuna da qayıtmaq imkan əldə edəcəkdi. Tovuzlular üçün isə bu görüşdə qələbə çox vacibdir. Kurban Berdıyevin yetirmələri çempionluğa sürpriz iddiasını davam etdirəcək və “Qarabağ”la xal fərqinin daha da artmasına imkan verməyəcəkdi. Lakin komandalardan heç biri istədiyi nəticəni əldə edə bilmədi. Naxçıvanlılar hesabda uzun müddət irəli olsa da, qələbəni əldən verdi. Tovuzlular ikinci hissədə təzyiqi artırıb cavab qolu vura bildi. Qolun vurulduğu epizodda nominal meydan sahiblərinin beş müdafiəçisi Ayxan Hüseynovun tək-tənha topu qəbul etməsinə imkan yaratdı.
Heç-heçə demək olar heç bir komandaya sərfəli deyildi. Yalnız Simakala bombardirlər yarışında 7 qolla önə keçdiyinə görə oyunu aktivinə yaza bilər. Simakala həm də akrobatik tullanışla baxımlı qol vurdu. Bu oyun bir daha göstərdi ki, nə “Araz-Naxçıvan”, nə də “Turan” ciddi yerlər üçün mübarizə aparacaq gücdə deyil. “Sabah”, “Neftçi” və ya “Zirə” azacıq güclənsə onların yeri Avrokuboklara gedən pillələr olmayacaq.
Premyer Liqa, 12-ci tur
“Araz-Naxçıvan” – “Turan” 1:1
Qollar: Simakala, 21 (1:0). A. Hüseynov, 78 (1:1).