Oyun ərəfəsi
“Araz-Naxçıvan”ın çempionata uğurla başlaması, hətta müvəqqəti turnir cədvəlinin zirvəsində olması bu matçın əhəmiyyətini ikiqat artırmışdı. Elmar Baxşıyevin komandası Konfrans Lqiasında da mərhələ keçməklə ciddi iddia ortaya qoymuşdu. “Qarabağ” isə əksinə Avropa Kubokları ilə Premyer Liqa arasında seçim edən komanda təsiri bağışlayırdı. Ağdamlılar Çempionlar Liqasında təntənəli yürüşü davam etdirsələr də, milli çempionata həmin səviyyədə yanaşa bilməyiblər. Arxada qalan üç oyunda Qurban Qurbanovun komandası bir qələbə və bir məğlubiyyət edərək, “Zirə” ilə oyunda heç-heçəylə kifayətlənmişdi. “Araz-Naxçıvan”la start heyətə nəzər saldıqda da görmək olurdu ki, Qurbanov hələ ki, üstünlüyü Avropadakı çıxışına verir və Premyer Liqa oyunlatını yarı güclə qazanmağı düşünür. “Benfika” ilə oyunda ilk onbirlikdə yer alan qapıçı Koxalski, müdafiəçilər Bəhlul Mustafazadə, Medina, Elvin Cəfərquliyev və Mateus Silva, orta sahədə Zubir və Bikalyo, hücumda isə Kamilyo Duran bu dəfə ehtiyatda qalmışdılar. Buraya zədəli Yankoviçi də əlavə etsək, “Qarabağ”ın meydana ikinci heyətlə çıxdığını söyləmək olar. Rəqibin beləcə iki daş arasında qalması “Araz-Naxçıvan” üçün ciddi fürsət siqnalı idi.
Oyunun gedişi
Oyun başlayar-başlamaz hətta ikinci heyətlə belə “Qarabağ” təşəbbüsə yiyələndi və hətta erkən qol da vurdu. Künc zərbəsi zamanı “Araz”ın müdafiəçiləri diqqətsizliyə yol verdilər və Toral Bayramov bu həddiyədən istifadə etdi. 9-cu dəqiqədə Keyta hesabı bərabərləşdirə bilərdi, lakin, onun ayağının üstü ilə vurduğu top az qala dirəyi sürtərək meydandan çıxdı. Demək olar, bərabər keçən oyunda hər iki tərəf qol vura bilərdi. Əvvəlcə Felipe Abbasovun ötürməsinə çata bilmədi, ardından qapıçı Avram yüz faizlik topu əla reaksiya göstərərk qapı xəttindən çıxardı. Lakin Avramın bu möhtəşəm seyvi “Araz”ı xilas edə bilmədi. Həmin epizoda təkrar baxışdan sonra hakim penalti təyin etdi. Belə ki, Slavik rəqib oyunçusuna arxadan kobud müdaxilə etmişdi. Bu epizod oyunun dönüş nöqtəsi oldu. Ötən tur yaxşı təsir bağışlayan Slavik bu dəfə ikinci sarıya görə meydandan qovularaq komandasını çətin vəziyyətdə qoydu. Toral isə penalti ilə dubl etdi. Bir dəqiqə sonra “Qarabağ”ın qapıçısı Şahruddin ənənəsinə sadiq çıxaraq topu qapıdan çıxararkən rəqibə verdi, amma Felipenin zərbəsini elə özü də saxlaya bildi. İkinci qoldan sonra naxçıvanlıların azlıqda güclü rəqibə qarşı çətinlik çəkəcəyi sirr deyildi. Fasiləyə qədər qonaqlar azı üç dəfə fərqlənə bilərdi.
İkinci hissənin senarisi artıq məlum idi. Azlıqda qalan meydan sahibləri yorulduqca rəqibə daha çox qol imkanları verəcəkdi. Belə də oldu. Ağdamlılar asanlıqla hesabı darmadağına çatdırdılar. Oyunun ən yaxşısı 3 qol və bir ötürmə ilə Toral oldu. “Qarabağ” gözlənilən oyunu göstərsə də, “Araz” ümidləri doğrultmadı və müdadiə xəttində ciddi nöqdanların olduğunu bir daha göstərdi. Komandanın arxa xətti ağır, yöndəmsiz və taktiki cəhətdən savadsız oynayır. Nəticədə azacıq sürətli oyun boşluqlara səbəb olur. Rahil, Vanderson, Həsənalızadə və Urfan dördlüyü ciddi mövqe səhvləri ilə oynayırlar və aralarında sinxronluq çox aşağı həddədir. “Araz”ın əsas problemi də məhz budur və Slavikin qırmızı vərəqə alması da bununla bağlı idi.
Premyer-Liqa, 5-ci tur
“Araz-Naxçıvan” – “Qarabağ” 0:5
“Liv Bona Dea Arena” stadionu. Baş hakim: Əliyar Ağayev
“Araz-Naxçıvan”: Kristian Avram, Urfan Abbasov (Ömər Buludov, 70), Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Rahil Məmmədov, Patrik Andrade, Vanderson Melo (Mustada Əhmədzadə, 69), Nuno Rodriqes (Franko, 68), Hamidu Keyta (Paro, 46), Felipe Santos, Şarl Boli (Simakala, 46).
“Qarabağ”: Şahrudin Məhəmmədəliyev, Bədavi Hüseynov (E. Cəfərquliyev, 69), Toral Bayramov (Mateus Silva, 69), Musa Qurbanlı (Duran, 69), Kadi Borqes (Zubir, 69), Sami Mmae, Dani Bolt, Leandro Andrade (Bikalyo, 69), Kris Kuaku, Aleksey Kaşuk, Emmanuel Addai.
Qollar: T. Bayramov, 4 (0:1). T. Bayramov, 28-p. (0:2). M. Qurbanlı, 52 (0:3). T. Bayramov, 65-p. (0:4). Kuaku, 85 (0:5).
