Turun qısa icmalı
4-cü turdan sonra yaranmış liderlər qrupuna nəzər saldıqda ötən mövsüm yada düşür. İlk üçlük uğrunda mübarizə aparan üç komanda yenidən elə həmin arzu olunan yerlərdə qərarlaşıblar. Bu da onu göstərir ki, Hər üç komandada stabillik var və bu da düzgün qurulan işin nəticəsidir. Əlbəttə, hələ mövsümün əvvəlidir və bu üçlüyə şübhəsiz , “Qarabağ” da qoşulacaq. Lakin, bu gün üçün “Turan”, “Zirə” və xüsusən də “Araz-Naxçıvan” təqdirəlayiq sabitlik və inadkarlıq nümayiş etdirir.
“Araz-Naxçıvan” səfərdə “Kəpəz”ə asan qalib gələrək turnir cədvəlinin zirvəsində qərar tutdu. Gəncəlilərlə oyunun ilk dəqiqələrindən qonaqların bu oyundan üç xalla ayrılacağı şübhə doğurmurdu. Slavik Alxasovun fəallığı xüsusilə qeyd olunmalıdır. Komandanın legionerləri yaxşı formadadır, bununla belə Alxasov “Kəpəz”lə oyunda komandanın “zaryadka”sı rolunda idi və hesabı məhz onun açması da təsadüfi olmadı.
“İmişli” – “Sumqayıt” oyununda qəribə hadisələr baş verdi. Qubada keçirilən oyunda “İmişli” bir daha rəqibləri üçün başağrısı olacağını göstərdi və hətta yeganə qolla çempionatın iddialı komandası üzərində qələbə də qazandı. Lakin, gözlənilməz səhv ucbatından komanda qələbədən məhrum olacaq. Klub meydana adı iştirak ərizəsində olmayan oyunçu buraxmaqla çəkdiyi əziyyəti yerə vurdu. Bu axmaq diqqətsizlik və ya səhlənkarlıq sosial şəbəkələrdə futbol azarkeşlərinə mərc oyunlarının izini axtarmaq şübhəsi verdi. Bir çox azarkeşlər bu addımın qəsdən atıldığını da iddia etdi. Milli komandanın qapıçısı adını qazanmış Mehdi Cənnətovun topu uşaqsayağı öz qapısına salması da mərc oyunları təsiri altında olan xüsusi zümrəyə əlavə səbəb verdi.
“Turan”ın “Qəbələ” üzərində qələbəsi gözlənilən idi. Hazırkı məqamda komandalar fərqli çəki dərəcələrindədir. “Turan” yuxarıda qeyd olunduğu kimi sabit inkişaf yolunu tutub. Klub rəhbərliyi Qurban Berdıyevi saxlamaqla sabitliyi üstün tutduğunu göstərdi və bu addım hələ ki, öz bəhrəsini verir. Oyunda yeganə qol da baxımlı alındı. Souza sağ cinahda çitin mövqedən topu tora göndərə bildi. “Qəbələ” isə ümumən pis təsir bağışlamır. Komanda turnir cədvəlinin zirzəmisində qərar tutsa da, hər oyunda döyüşür və aşkar autsayder təsiri bağışlamır. Əvvəlki oyunlarda da bu amil nəzərə çarpırdı. Bu da o deməkdir ki, potensial var. Əlbəttə, bu mövsüm “qara-qırmızılar”ın yüksək yerlər uğrunda mübarizəsi möcüzə sayılardı, amma Kaxa Tsxadadzenin yetirmələri daha yaxşı oynaya bilər.
Hər mövsümün əvvəlində çempionatın favoritləri sırasında görülən, amma hər dəfə də azarkeşlərini məyus edən “Neftçi” və “Sabah” bu dəfə də məyus etdilər. Komandaların oyunçu potensialı yüksək olsa da, taktiki və fiziki hazırlıq baxımından zəif təsir bağışlayırlar. Hər iki komanda bu dəfə də mütəşəkkil oyun göstərə bilmədilər. Ara-sıra oyunçuların fərdi ustalığı ilə partlayış hücumlar etsələr də, ciddi mənada fərq ortaya qoymadılar.
“Şamaxı”nın oyunu sevindirdi. Sanki baş məşqçi Ayxan Abbasovun milli komandadakı nəticəsindən ruhlanan şamaxılılar “Karvan”la oyunda istəkli və ən əsası istəkli oynayırdılar. Bu oyunda turun baxımlı qollarından biri vuruldu. Belə ki, Tirkoveanu künc zərbəsindən topu birbaşa qapıdan keçirə bildi.
Premyer Liqa, 4-cü tur
İmişli – Sumqayıt 1:0
M. Cənnətov, 72-avtoqol
Kəpəz – Araz-Naxçıvan 0:2
S. Alxasov, 65. B. Koen, 86.
Qarabağ – Zirə 1:1
Kadi, 81 – R.Renato, 39-p.
Şamaxı – Karvan-Yevlax 3:0
Msanqa, 38. Tirkoveanu, 45. S. Enrike, 71.
Turan – Qəbələ 1:0
Souza, 54.
Neftçi – Sabah 0:0
