17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev, Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçirilən ilk iki qarşılaşmanı dəyərləndirib. AFFA-nın mətbuat xidmətinə açıqlama verən mütəxəssis, komandanın oyun planından razı qalsa da, nəticəyə təsir edən çatışmazlıqları diqqətə çatdırıb.
Baş məşqçi Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə başa çatan matçlarda millinin oyun üstünlüyünə sahib olduğunu vurğulayıb: “İlk görüşdə rəqibdən daha yaxşı təsir bağışladıq. Bolqarların ən təhlükəli tərəfi standart vəziyyətlər idi və qolu da məhz belə vəziyyətdən buraxdıq. Hesabı bərabərləşdirsək də, çoxsaylı imkanlardan yararlana bilmədiyimiz üçün qələbəni əldən verdik. İkinci oyunda matça tam diktə edən tərəf biz olduq, topa daha çox sahib olduq. Təəssüf ki, hakimin iki epizodda 100 faizlik penaltimizi verməməsi nəticəyə birbaşa təsir etdi”.
Nəbiyev komandanın hücum xəttindəki effektivlik problemini gizlətməyib. O, qol epizodlarının dəyərləndirilməməsini hazırlıq müddətinin azlığı ilə əlaqələndirib: “Əsas problemimiz son ötürmələr və son zərbələrdədir. Futbolçular bu çatışmazlıqları aradan qaldırmaq üçün fərdi olaraq çox çalışmalıdırlar. Millidə cəmi 3-4 günlük hazırlıq keçirik, bu qısa müddətdə həmin elementlər üzərində dərindən işləməyə vaxtımız qalmır”.
Qrupun son turunda martın 30-da keçiriləcək Malta ilə görüşə toxunan baş məşqçi, komandada yorğunluq olsa da, motivasiyanın yüksək olduğunu bildirib: “Kollektivdə güclü qələbə əzmi var. Futbolçular hər oyuna üç xal üçün çıxırlar. İnanıram ki, Malta ilə matçda hədəfimizə çatacağıq. Müəyyən yorğunluğa baxmayaraq, yaxşı oyun nümayiş etdirib istədiyimiz nəticəni qazanmalıyıq”.