“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın növbəti turunda “Sabah”la keçirilən qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb. Ukraynalı mütəxəssis komandasının məğlubiyyətini və oyunun gedişatını belə dəyərləndirib:
“Bu gün həm müdafiədə, həm də hücumda oyunu tam oturuşmuş, yaxşı formalaşmış bir rəqibə qarşı mübarizə apardıq. Təəssüf ki, öz səhvlərimiz ucbatından qapımızda qollar gördük. Rəqibin ilk dəqiqələrdən təzyiqi artırması və nəticədə ardıcıl üç qol buraxmağımız komandanın əhval-ruhiyyəsinə mənfi təsir etdi.
Hücumda fəal olmağa çalışsaq da, sonda məğlubiyyətlə barışmalı olduq. Hücum futbolu oynamaq üçün böyük istək və ciddi əzmkarlıq lazımdır. Bənzər vəziyyətlə “Neftçi” ilə oyunda da qarşılaşmışdıq. Hazırda yenidənqurma prosesi gedir və tam formalaşmaq üçün bizə sadəcə zaman lazımdır.
Felipe Santosun qol vurması müsbət məqamdır, lakin nəticə təkcə hücumdan deyil, həm də müdafiə xəttinin etibarlılığından asılıdır. Futbolçular hər iki komponentdə eyni effektivliklə çıxış etməlidirlər. Bu gün biz fərdi şəkildə deyil, bir komanda olaraq məğlub olduq”.