“Beşiktaş” heyətini gücləndirmək istiqamətində transfer çalışmalarını davam etdirir. “Qara qartallar”ın əsas hədəfi hazırda “Mançester Yunayted”də çıxış edən milli qapıçı Altay Bayındırdır.
“Football Insider”in məlumatına görə, “Beşiktaş” rəhbərliyi ilə İngiltərə təmsilçisi arasında danışıqlar intensivləşib. Tərəflərin ortaq məxrəcə gəlmək ehtimalının getdikcə artdığı və razılığın əldə olunmasına çox az qaldığı bildirilir.”Mançester Yunayted”də əsas heyətə düşməkdə çətinlik çəkən milli qapıçının da bu transferə yaşıl işıq yandırdığı vurğulanır. Altay karyerasında yenidən mütəmadi olaraq meydana çıxa biləcəyi bir komandada oynamaq niyyətindədir. İstedadlı qapıçının yay transfer dövründə komandadan ayrılmağa müsbət yanaşdığı qeyd olunur. Transfer reallaşarsa, Altay Bayındırın gəlişi “Beşiktaş”ın qapı xəttində rəqabəti artıracaq və komandanın yerli oyunçu limitində gücləndirəcək.