“Qarabağ” növbəti mövsüm üçün heyətini gücləndirmək yolunda addım atmağa başlayıb. Bolqarıstanın nüfuzlu “Dsport.bg” saytının yaydığı məlumata görə, Ağdam təmsilçisi Sofiya “Levski”sinin fransalı hücumçusu Mustafa Sanqarenin transferi üçün rəsmi danışıqlara start verib.
25 yaşlı forvardın keçidinin yay transfer pəncərəsində rəsmiləşəcəyi gözlənilir. Hazırda “Levski” rəhbərliyi Sanqare üçün maksimum sərfəli maliyyə şərtləri əldə etməyə çalışır. Qeyd edək ki, Sanqare uğrunda mübarizədə “Qarabağ” tək olmayıb. Tunisin köklü klublarından olan “Esperans” uzun müddətdir futbolçunu heyətinə qatmaq istəsə də, Bolqarıstan klubu bu təklifləri geri çevirib.
“Qarabağ”ın təklif etdiyi yüksək maaş və komandanın Avropa arenalarındakı stabil çıxışı həm klub, həm də oyunçu üçün bu transferi daha cəlbedici edən əsas amillərdir.
Sanqareni “Levski”də saxlamaq rəhbərlik üçün getdikcə çətinləşən missiyaya çevrilir. Lakin “mavilər” artıq hücum xəttini gücləndirmək üçün preventiv addımlar atıblar. Fransalı hücumçunun boşluğunu doldurmaq məqsədilə Plovdiv “Lokomotiv”indən Xuan Perea heyətə qatılıb. Bundan əlavə, hazırda zədəli olan Sanqareni müvəqqəti əvəzləmək üçün xorvatiyalı forvard Marko Duqandjiçlə də müqavilə imzalanıb.
Bolqarıstan mətbuatı vurğulayır ki, “Qarabağ”ın bu transferdəki israrı təsadüfi deyil. Çempionlar Liqasının əsas mərhələsini uğurla keçən Qurban Qurbanovun yetirmələri, pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşaraq diqqətləri üzərinə çəkmişdi. Bakıdakı ağır məğlubiyyətə (1:6) baxmayaraq, səfərdə göstərilən xarakterli mübarizə və 2:3 hesablı nəticə “Köhlən atlar”ın beynəlxalq nüfuzunu bir daha sübut etdi.
Görünən odur ki, növbəti mövsümdə daha böyük hədəflərə kilidlənən “Qarabağ”, Sanqare kimi fiziki güclü və məhsuldar bir forvardla hücum potensialını maksimuma çatdırmaq niyyətindədir.