Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf milli komandanın baş məşqçisi Ayxan Abbasovla görüşüb. AFFA-nın məlumatına görə, Görüş zamanı Rövşən Nəcəf Abbasovun U-21 milli komandasında gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.
AFFA prezidenti Ayxan Abbasovla milli komandanın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, yığmaya növbəti oyunlarda uğurlar arzulayıb.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.
Görüşlə bağlı çəkilən fotoşəkildə AFFA prezidentinin Ayxan Abbasova təqdim etdiyi milli komandanın 5 nömrəli maykası nümayiş olunur. Bunun simvolik mənası AFFA prezidentinin Abbasova “5” qiyməti verdiyi kimi də anlamaq olar. AFFA-nın Abbasova yağlı bir “5” yazıb könlünü alması anlaşılandı. Belə ki, indiki mərhələdə milli komandanın sükanı arxasına keçmək özünü oda-közə atmağa bərabərdir. Oktyabrın 10-da millimiz səfərdə Fransa yığması ilə qarşılaşacaq və çoxları artıq indidən bu oyunun nəticəsinə görə narahatdır.