Puxaçın “ekzotik” seçimi özünü doğrultdu

16.03.26 | 18:44
Ölkə futbolu

Ötən yay polyak müdafiəçi Timoteuş Puxaç növbəti dəfə yolayrıcında idi. Onun seçimi bir çoxları üçün gözlənilməz oldu – Azərbaycan. Lakin bu gün Puxaç “ekzotik” adlandırılan bu seçimindən tamamilə razıdır. Bakıda keçirdiyi vaxt ərzində o, həm yaşıl meydanlarda, həm də rəqəmsal dünyada özünü tapmağı bacarıb.

“Lex” akademiyasından böyük futbola

Puxaç futbolun sirrlərinə Polşanın Lyublin şəhərində bələd olmağa başlayıb. 2010–2013-cü illərdə “Poqon Svebodzin” və “UKP Zelyona Qura”nın gənclər komandalarında çıxış edən istedadlı oyunçu, həmyaşıdlarından fərqlənərək 2013-cü ildə Polşanın köklü klublarından olan Poznan “Lex”nın akademiyasına cəlb olunur.

Onun peşəkar karyerasındakı debütü 7 may 2017-ci ilə təsadüf edir. Lakin “Lex”in heyətində möhkəmlənmək o qədər də asan olmur. “Zaqlembe Sosnovets” və “QKS Katovitse” klublarında keçən və icarə müddətlərindən sonra o, nəhayət, “Lex”in əsas heyət üzvünə çevrilir. 2019-cu ildə vurduğu ilk qol və Avropa Liqasının qrup mərhələsindəki çıxışı Puxaç üçün Avropa qapılarını açır.

Avropa səyahəti və “Liverpul” üzərində tarixi qələbə

2021-ci ildə Puxaç “Union Berlin” ilə 4 illik müqavilə imzalayaraq Almaniya Bundesliqasına yollanır. Daha sonra Türkiyənin “Trabzonspor” klubuna icarəyə verilən futbolçu, burada karyerasının ilk böyük titulunu – Türkiyə çempionluğunu qazanır. Ardınca Yunanıstanın “Panatinaikos” və Almaniyanın “Kayzerslautern” klublarında icarə əsasında çıxış edir.

Onun karyerasının ən yaddaqalan anlarından biri 2025-ci ilin fevralında İngiltərənin “Plimut” klubunda çıxış edərkən yaşanır. İngiltərə Kubokunda “Liverpul”u məğlub edərək turnirdən kənarlaşdıran komandanın əsas fiqurlarından biri məhz Puxaç olur.

Meydandan YouTube ekranlarına: “sabotajçı”nın qələbəsi

Futbolçu meydandan kənarda da aktivliyi ilə seçilir. Ötən yay klubsuz qaldığı müddətdə o, məşhur “IShowSpeed” şousunda iştirak etmiş və tanınmış blogerlərlə kontentlər hazırlamışdı. Hətta bir çoxları onu “futbolçudan daha çox influenser” adlandıraraq tənqid edirdi. Lakin Puxaçın “ReZi”nin “Sabotażysta” (Sabotajçı) realiti-şousundakı qələbəsi və qazandığı mükafatı xərçəngdən əziyyət çəkən uşaqlar üçün “Cancer Fighters Foundation” fonduna bağışlaması onun insani keyfiyyətlərini ön plana çıxardı.

Niyə məhz “Sabah”? “xəyanət” ittihamları və Bakı seçimi

Puxaçın “Sabah”a transferi böyük səs-küyə səbəb oldu. Polşa mediası onun “QKS Katovitse”yə keçəcəyini gözlədiyi bir vaxtda, o, qəfil qərarla Bakıya üz tutdu. “Katovitse”nin baş məşqçisi Rafal Qorak bu addımı “qeyri-peşəkarlıq” adlandıraraq kəskin tənqid etdi: “Əgər kimsə mənə əl verib razılaşdığını deyirsə, sonra isə son anda başqa təklif aldığını bildirib gedirsə, mən bunu qəbul edə bilmərəm”.

Puxaç isə bu qərarını belə əsaslandırır: “Transfer pəncərəsinin son günlərində seçimimiz az idi. Polşada limitlər daralırdı. Mən əvvəldən ‘Sabah’ı istəyirdim, sadəcə prosedurlar vaxt apardı. Bakıya gəldiyim üçün çox xoşbəxtəm”.

Bakıdakı “Ronaldinyo” effekti

Ekspertlərin şübhə ilə yanaşdığı bu transfer “Sabah” üçün əsl tapıntıya çevrildi. Hazırda Masazır təmsilçisi çempionatda “Qarabağ”ı 7 xal qabaqlayaraq liderlik edir. Puxaç isə son 9 matçda etdiyi 9 məhsuldar ötürmə ilə liqanın “asist kralı”dır. Onun “İmişli” ilə kubok matçındakı performansı və dabanla etdiyi ötürmələr şərhçilər tərəfindən dünya ulduzu Ronaldinyonun oyun üslubu ilə müqayisə olunub. Yeri gəlmişkən, Puxaçın heyətdə yer aldığı oyunlarda Bakı klubu hələ məğlubiyyət üzü görməyib.

Şəxsi həyatda yeni səhifə

Puxaçın Bakıdakı uğurları təkcə meydanla məhdudlaşmır. 2026-cı ilin əvvəlində o, tanınmış polyak influenser Oliviya Ninçeviçlə nişanlanıb. Görünən odur ki, Bakı havası polyak futbolçuya həm karyerasında, həm də şəxsi həyatında düşərli olub. İndi hər kəsi bir sual düşündürür: Yan Urban bu möhtəşəm formadakı Puxaçı Polşa milli komandasına dəvət edəcəkmi?

Mənbə: polskiezf.pl

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09