Premyer Liqanın 24-cü turunda baş tutan və böyük maraqla gözlənilən “Qərb derbisi”ndə “Turan-Tovuz” “Kəpəz”lə sülhə razılaşıb (1:1). Matçdan sonra mətbuat konfransına qatılan tovuzluların baş məşqçisi Qurban Berdiyev, qazanılan bir xaldan çox, itirilən iki xalın təəssüfünü yaşadıqlarını gizlətməyib.
Təcrübəli mütəxəssis komandanın həm heyətindəki boşluqlara, həm də oyunçuların psixoloji durumuna toxunaraq maraqlı məqamları diqqətə çatdırıb.
Berdiyev ikinci hissədə oyunun simasının dəyişdiyini vurğulayıb:
“Təəssüf ki, bizim üçün çox vacib olan iki xalı itirdik. Qarşılaşmanın ikinci hissəsi birincidən tamamilə fərqli alındı. Səhvlərimizi təhlil edib, növbəti oyunlara hazırlaşacağıq”.
Zədəli futbolçuların durumuna və bəzi oyunçuların performansına aydınlıq gətirən baş məşqçi, müdafiə xəttindəki çatışmazlıqları belə izah edib: “Faiq Hacıyev uzun müddət idi ki, yaşıl meydanlardan uzaq qalmışdı. Oyun təcrübəsinin azlığı bu gün özünü göstərdi və müəyyən səhvlərə yol verdi. Müdafiəçimiz Miller zədə səbəbindən bu görüşdə iştirak edə bilmədi”.Komandanın turnir cədvəlinin aşağı sıralarında qərarlaşan rəqiblərlə oyunlarda xal itirməsi tendensiyası Berdiyevi də narahat edir. O, bu problemin psixoloji tərəflərinə diqqət çəkib: “Razıyam ki, biz iddialı klublara qarşı yaxşı nəticələr göstərsək də, autsayderlərlə matçlarda gözlənilməz xallar itiririk. Eyni mənzərə “Zirə” və “Neftçi” ilə oyunlardan sonra da yaşanmışdı. Hesab edirəm ki, futbolçularda emosiya çatışmazlığı var. Rəqibin kimliyindən asılı olmayaraq, hər bir matça eyni motivasiya ilə çıxmaq üçün əlimizdən gələni etməliyik”.