UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu axşam İngiltərənin “Liverpul” komandasını qəbul edəcək “Qalatasaray”da rəhbərlik hərəkətə keçib. Prezident Dursun Özbək, futbolçuların motivasiyasını ən yüksək səviyyəyə çatdırmaq üçün dörddəbir final yolunda rekord məbləğdə mükafat fondu müəyyən edib.
“Sarı-qırmızılı” rəhbərlik komandanın son dövrlərdəki yüksək performansını maddi stimullarla dəstəkləməkda davam edir. Belə ki, pley-off mərhələsində “Yuventus”un turnirdən kənarlaşdırılması və daxili çempionatda “Beşiktaş” üzərində qazanılan qələbələrdən sonra futbolçulara ümumilikdə 3,5 milyon avro mükafat paylanılıb. “Liverpul” səddi keçiləcəyi təqdirdə isə komandanı böyük bir “mükafat paketi” gözləyir.
Klubun maliyyə göstəriciləri bu mövsüm Avropa arenasında pik həddə çatıb. “Qalatasaray”ın cari qazancları və gözləntiləri aşağıdakı kimidir.
İtaliya nəhəngini turnirdən kənarlaşdıran “Aslanlar”, bu uğura görə UEFA-dan 11 milyon avroluq bonus qazanıb. Bu məbləğin martın 27-də klubun hesabına köçürülməsi gözlənilir. Əgər Okan Burukun yetirmələri “Liverpul”u mübarizədən kənarlaşdırsa, UEFA-dan daha 12,5 milyon avro birbaşa gəlir əldə edəcək. Bu uğur reallaşarsa, “Qalatasaray”ın bu mövsüm yalnız Çempionlar Liqasından əldə etdiyi ümumi gəlir 50 milyon avroluq psixoloji səddi keçəcək.