Bir aylıq fasilədən sonra ölkə kubokunda sükut pozuldu. 1/4 final mərhələsinin cavab qarşılaşmalarına dünən start verildi. İlk matçda səfərdə “Sumqayıt”la qolsuz bərabərə qalan “Zirə”, doğma divarlar arasında “gənclik şəhəri” təmsilçisinin müqavimətini qıraraq yarımfinala vəsiqəni təmin edən ilk komanda oldu.
“Qarabağ” isə doğma azarkeşləri önündə “Şamaxı”nı qəbul edib. Xatırladaq ki, şamaxılılar ilk oyunda turnirin əsas favoriti olan Ağdam klubunu 2:1 hesabı ilə üstələyərək böyük sürprizə imza atmışdılar. Qurban Qurbanovun komandasının sıx oyun qrafikini və son bir ayda nümayiş etdirdiyi nisbətən qeyri-sabit performansı nəzərə aldıqda, cavab görüşü ərəfəsində “Qarabağ”ı birmənalı şəkildə cütün mütləq favoriti adlandırmaq çətin idi.
Buna baxmayaraq, “Köhlən atlar” həlledici məqamda təcrübəsini ortaya qoydu. Ayxan Abbasovun yetirmələri ilk hissədə komandaları üçün arzuolunan hesabı (1:1) qoruyub saxlaya bilsələr də, fasilədən sonra artan təzyiq qarşısında duruş gətirə bilmədilər. Emmanuel Addainin dublu və Leandro Andradenin dəqiq zərbəsi “Qarabağ”a 3:1 hesablı qələbə qazandırdı. Matçın son saniyələrində isə “Şamaxı”nın hücumçusu Kərim Rossi penaltini dəyərləndirə bilməyərək fərqi azaltmaq şansını əldən verdi.
İki oyunun nəticəsinə əsasən ümumi hesabda 4:3 qalib gələn “Qarabağ” adını yarımfinala yazdırıb.
QARABAĞ – ŞAMAXI 3:1 (1:1)
Qollar: Addai, 6 (1:0), 61 (2:1); Rossi, 33 (1:1); Andrade, 63 (3:1)
Baş hakim: Fərid Hacıyev. İlk oyun: 1:2.
“Qarabağ”: Mateuş Koxalski, Bədavi Hüseynov (k), Toral Bayramov (Kamilo Duran, 65), Musa Qurbanlı, Marko Yankoviç (Pedro Bikalyo, 86), Kadi, Mateus Silva, Dani Bolt (Kevin Medina, 78), Leandro Andrade, Emmanuel Addai (Abdellah Zubir, 65), Jeremi Nyali (Elvin Cəfərquliyev, 64).
“Şamaxı”: Rikardu Fernandeş (k), Abdulla Rzayev, Oruc Məmmədov (Emil Süleymanov, 78), Rüfət Abbasov, Kərim Rossi, Dioqu Balau (Andrey Tırkovyanu, 68), Sezar, David Santos, Rikardo Apolinario, Alfons Msanqa (Edqar Ədilxanov, 68), Vladislav Veremeyev.
Sarı vərəqələr: Veremeyev, 47. Fernandeş, 85. Tırkovyanu, 90+3.
Qaçırılan penalti: Rossi, 90+9 (qapı tiri).
1/4 final mərhələsinin digər cavab qarşılaşmaları sabah keçiriləcək. Günün proqramında “Kəpəz” – “Turan-Tovuz” və “Qəbələ” – “Sabah” qarşıdurmaları yer alıb.
Xatırladaq ki, turnirin reqlamentinə əsasən, yarımfinal cütlüklər aşağıdakı şəkildə qruplaşacaq:
“Qarabağ” – “Qəbələ” / “Sabah” cütünün qalibi
“Zirə” – “Kəpəz” / “Turan Tovuz” cütünün qalibi