“Qarabağ”la oyunun təxirə salınması səbəbindən yaranan məcburi fasilə Yuri Vernidubun yetirmələrinin oynuna təsirsiz ötüşməmişdi. Cari ildə keçirdiyi 4 oyundan üçündə qələbə qazanan “ağ-qaralar”, bu dəfə Şamaxı səfərində həmin inamlı ritmi bərpa etməkdə çətinlik çəkirdilər.
Digər tərəfdən, Ayxan Abbasovun rəhbərlik etdiyi “Şamaxı” – rəqibləri üçün hər zaman “çətin qoz” olduğunu bir daha sübut etdi. “Astronomlar” sabitlik nümayiş etdirməkdə çətinlik çəksələr də, öz meydanlarında istənilən rəqibi büdrətməyə qadir olduqlarını göstərdilər.
İlk hissəsi qolsuz bərabərliklə başa çatan matçın axarı fasilədən sonra dəyişdi. Vernidubun ikinci hissənin əvvəlində Vensan Abubakarı meydana daxil etməsi qısa zamanda bəhrəsini verdi. 60-cı dəqiqə Abubakar fürsəti boşa verməyərək “Neftçi”ni hesabda irəli çıxardı. Hücumlarını kəskinləşdirən şamaxılılar çox keçmədi ki, Sezarın qolu ilə hesaba tarazlıq gətirdilər. Oyunun sonlarına doğru dram pik həddə çatdı. Abubakar dubl edərək paytaxt təmsilçisini qələbəyə çox yaxınlaşdırdı. Lakin “Şamaxı” təslim olmadı. Hakimin əlavə etdiyi 8-ci dəqiqədə təyin olunan penaltini Kərim Rossi soyuqqanlılıqla yerinə yetirərək yekun hesabı müəyyənləşdirdi.
ŞAMAXI – NEFTÇİ 2:2 (0:0)
Qollar: Abubakar, 60 (0:1), 90+1 (1:2); Sezar, 75 (1:1), Rossi, 90+8-pen. (2:2)
Baş hakim: Kamranbəy Rəhimov.
“Şamaxı”: Rikardu Fernandeş, Arsen Ağcabəyov (k), Abdulla Rzayev (Rafaël Məhərrəmli, 88), Oruc Məmmədov (Abdullahi Şuaybu, 69), Rüfət Abbasov, Kərim Rossi, Edqar Ədilxanov (Andrey Tırkovyanu, 68), Dioqu Balau (Emil Süleymanov, 90+9), Sezar, David Santos, Rikardo Apolinario.
“Neftçi”: Kenan Piriç, Emin Mahmudov (k) (Freddi Varqas, 65), Elvin Bədəlov, Falaye Sako (Andrey Ştoqrin, 29), Emil Səfərov, Mustafa Sek, Ifeanyi Mettyu, Bassala Sambu (Vensan Abubakar, 46), İmad Faraj (Murad Məmmədov, 85), Breno Almeyda, İqor Ribeyro.
Sarı vərəqələr: Ribeyro, 46. Ştoqrin, 73. Rossi, 84. Sek, 90+7.