UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Yuventus”la cavab qarşılaşmasından sonra açıqlama verən “Qalatasaray”ın baş məşqçisi Okan Buruk mərhələni keçdikləri üçün sevincli olsa da, komandanın çıxışından narazılığını gizlətməyib: “Növbəti mərhələyə yüksəldiyimiz üçün xoşbəxtik, lakin həm nəticə, həm də oyun keyfiyyəti baxımından bizim üçün uğursuz bir gecə idi. Bu matç komandamız üçün böyük dərs olmalıdır. Bu gün “Yuventus” bizdən daha üstün futbol sərgilədi və qələbəyə layiq tərəf idi”.
Heyət seçimi barədə danışan təcrübəli mütəxəssis, Yunus Akgünlə bağlı maraqlı bir faktı bölüşüb. Rəqibin cinah hücumlarının qarşısını almaq üçün dəyişiklik etmək istədiyini deyən Buruk bildirib:
“Sallai sarı vərəqə almışdı, onun qırmızı vərəqə almasından ehtiyat edirdim. Yunus Akgünü oyuna buraxmaq istəyirdim, lakin o, ağrıları olduğunu bəhanə gətirərək oynamaq istəmədiyini bildirdi”.
Performansın dəyişkənliyinə toxunan baş məşqçi, komandasının potensialına olan inamını belə ifadə edib: “Bizim “Yuventus”u məğlub etdiyimiz ilk oyuna baxan hər kəs “bu komanda finala “gedər” deyirdi. Bugünkü çıxışımıza baxanlar isə tam fərqli fikir söyləyərlər. Lakin bütün bunlara rəğmən, “Yuventus” kimi nəhəng bir klubu turnirdən kənarlaşdırmaq çox vacib və qürurverici bir uğurdur”.