“Bragantino”nun müdafiəçisi Qustavo Markes, Paulista çempionatının 1/4 finalında “San-Paulu”ya məğlubiyyətdən (1:2) sonra qarşılaşmanın hakimi Dayan Munizi kəskin tənqid edib.
Oyunun son dəqiqələrində “Bragantino”lular Juninyo Kapişaba ilə bağlı epizodda penalti təyin olunmadığı üçün etiraz ediblər. Matçdan sonra Markes TNT-yə açıqlamasında kəskin danışıb: “Hər şeydən əvvəl hakimlik haqqında danışmaq istərdim. Çünki “San-Paulu”, “Palmeyras” və ya “Korintians” kimi komandalara oyuna qadın hakimin təyin olunmasının mənasızdır. Biz yarımfinala, hətta finala çıxmağı arzulayırdıq, amma o, oyunumuzu məhv etdi. Hesab edirəm ki, Paulista Federasiyası belə böyük oyunlara diqqət yetirməli və qadın hakimləri təyin etməməlidir. Dünyadakı bütün qadınlara hörmətim var. Mən evliyəm, anam var, ona görə də qadınlar üçün təhqiramiz ifadə işlətdimsə, üzr istəyirəm”.
Gecikmiş üzrxahlıq
Bir qədər sonra 24 yaşlı futbolçu mikst-zonada jurnalistlərə yaxınlaşaraq dediklərinə görə peşman olduğunu bildirib. O, hakimi taparaq ondan şəxsən üzr istədiyini deyib: “Dediyim sözlərə görə bütün qadınlardan açıq şəkildə üzr istəyirəm. İnsanam, hər kəs səhv edə bilər. O an çox gərgin və əsəbi idim, deyilməməli olan sözlər işlətdim. Yanına gedib ondan və köməkçisindən üzr istədim, çünki o da qadındır. O, üzrxahlığımı qəbul etdi. Mənə dedi ki, ehtiyatlı olum, çünki bu sözləri qəbul etməyəcək qadınlar da var. Mənim gərgin, kədərli və inciyən halda olduğumu gördü. Hesab edirəm ki, o sözləri deməklə səhv etmişəm”.
Ailə tənbehinə tuş gələn futbolçu fikirini belə tamalayıb: “Braziliyadakı və dünyadakı bütün qadınlardan üzr istəyirəm. Hətta həyat yoldaşım və anam artıq mənə zəng edib danlayıblar, bu sözləri deməməli olduğumu bildirdilər”.