Premyer Liqanın 21-ci turu, gözlənildiyi kimi, böyük marağa səbəb qarşılaşma ilə start götürdü. “Neftçi” – “Qarabağ” matçının qeyri-müəyyən müddətə təxirə salınması bütün diqqətləri turun açılış matçı olan “Turan Tovuz” – “Zirə” duelinin üzərinə çəkdi. 3-cü yer uğrunda birbaşa mübarizə xarakteri daşıyan bu görüş hər iki komanda üçün “6 xallıq matç” statusunda idi.
Qurban Berdiyevin komandası ötən turdakı sönük çıxışı unutdurmaq və iddialı olduğunu sübut etmək üçün meydana çox motivasiyalı çıxmışdı. Oyunun start fiti ilə təzyiqi artıran tovuzlular cəmi 20 dəqiqə ərzində məsələni böyük ölçüdə həll etdilər. Əvvəl səhnəyə Filip Ozobiç çıxdı. Təcrübəli oyunçu 11-ci dəqiqədə hesabı açdı. Bundan 8 dəqiqə sonra “Zirə” hələ şoku atlatmamış Silva fərqi ikiyə çatdırdı.
Rəşad Sadıqovun yetirmələri son iki turda qazandıqları qələbələrin inamı ilə Bakıya gəlsələr də, erkən qollar planları alt-üst etdi. Sadıqov hələ ilk hissədə (27-ci dəqiqə) İsmayıl İbrahimlini Rüfət Abdullazadə ilə əvəzləyərək oyuna müdaxilə etməyə çalışdı. Lakin Qurban Berdiyevin qurduğu intizamlı müdafiə səddi “qartallar”ın hücum xəttinə (Volkov, Papunaşvili, Qomis) geniş imkanlar vermədi.
Oyunun əhəmiyyəti futbolçuların mübarizəsində də özünü göstərdi. Baş hakim Rəvan Həmzəzadə gərginliyi idarə etmək üçün 5 dəfə sarı vərəqəsinə əl atmalı oldu. Xüsusilə ikinci hissədə hər iki məşqçinin etdiyi ardıcıl dəyişikliklər (“Turan-Tovuzda” 5, “Zirə”də 5 dəyişiklik) tempin qorunmasına xidmət etsə də, hesab dəyişməz qaldı.
TURAN-TOVUZ – ZİRƏ 2:0 (2:0)
Qollar: Filip Ozobiç, 11′ (1:0), Enrike Silva, 19′ (2:0)
Baş hakim: Rəvan Həmzəzadə
“Turan-Tovuz”: Sergey Samok, Filip Ozobiç (Coş Quinnelli, 69), Rəhim Sadıxov (Fərid Yusifli, 79), Ayxan Hüseynov (Xəyal Nəcəfov, 86), Roderik Miller, Enrike Silva (Faiq Hacıyev, 85), Alexandro Serrano, Jo Batista (Roberto Olabe, 46), Emmanuel Hakman (k), Hayderson Urtado, Jorje Silva
Zirə: Tyaqu Silva, Qismət Alıyev (k) (Rövlan Muradov, 46), İsmayıl İbrahimli (Rüfət Abdullazadə, 27), Ruan Renato, Enrike Kustodio, Davit Volkov, Giorgi Papunaşvili (Junior Martins, 73), Quima (Anatoli Nuriyev, 73), Anje Mutsinzi, Ayron Qomis, Eren Aydın (Leroy Mikkels, 88)Sarı vərəqələr: Ruan Renato, Quima, Coş Quinnelli, Alexandro Serrano, Ayron Qomis