“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl”ın baş məşqçisi Eddi Hau İngiltərə Kubokunun (FA Cup) komandası üçün əhəmiyyəti barədə danışıb. Təcrübəli mütəxəssis turnirdə iddialı olduqlarını vurğulayıb: “Kubokda uğur qazanmağı çox istəyirik, lakin ümumi yanaşmamız dəyişməz qalır: hər növbəti matçda qələbə qazanmağa çalışırıq. İndi bütün diqqətimiz yaxın rəqibimiz olan «Aston Villa»dadır. Püşk çətin olsa da, məqsədimiz bu turnirdə mümkün qədər irəli getməkdir”.
Qeyd edək ki, İngiltərə Kubokunun 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Aston Villa” – “Nyukasl” qarşılaşması fevralın 14-ü, şənbə günü baş tutacaq. Səfərdə oynayacaq “sağsağanlar”ın mübarizəsi Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.