“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şamaxı” ilə matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis, ilk növbədə, əlverişsiz hava şəraitinə rəğmən komandaya dəstək olan azarkeşlərə minnətdarlığını bildirib:
“Rəqibi təbrik edirəm, layiqli qələbə qazandılar. ‘Şamaxı’ yaxşı oyun nümayiş etdirərək qalib gəldi. Biz isə cavab matçına daha ciddi hazırlaşmalıyıq. Düzünü desəm, ikinci hissədə duman səbəbindən ön tərəfdə baş verənləri görmək çox çətin idi. Hər şeye rəğmən, azarkeşlər üçün maraqlı qarşılaşma oldu. Hava şəraiti imkan versəydi, daha keyfiyyətli futbol izləyə bilərdik“.
53 yaşlı mütəxəssis “Neftçi” ilə oyunun təxirə salınmaması məsələsinə də toxunub: “İstənilən qərara normal yanaşıram. Bu, kimin haqlı və ya haqsız olması mövzusu deyil. Bəli, oyunun təxirə salınması üçün PFL-ə müraciət etmişdik. Bu, cavab qarşılaşmasından öncə bizə qismən də olsa kömək olardı. Lakin müraciətimiz müsbət cavablanmadı və mən burada ciddi problem görmürəm. Anlayıram ki, ‘Neftçi’nin də öz proqramı və planları var. İstəyimiz reallaşmadı deyə kimdənsə küsmək fikrimiz yoxdur, sadəcə qarşıdakı oyuna ən yaxşı şəkildə hazırlaşmalıyıq“.