Afrika Millətlər Kubokunun ikinci turu çərçivəsində Mərakeşdə keçirilən Sudan – Ekvatorial Qvineya matçı dramatik hadisə ilə yadda qalıb. Sudan yığmasının 1:0 hesablı minimal qələbəsi ilə başa çatan görüşün 37-ni dəqiqəsində komandanın 29 yaşlı qapıçısı Monqed El-Nil qəfildən huşunu itirərək ot örtüyünə yıxılıb.
Hadisə ilə əlaqədar oyun dərhal dayandırılıb və tibbi heyət meydana daxil olaraq futbolçuya təcili yardım göstərib. Müayinədən sonra özünə gələn El-Nil fədakarlıq nümayiş etdirərək oyuna davam etmək qərarına gəlib.
Medianın yaydığı məlumata görə, insidentə səbəb ağır hava şəraiti və futbolçunun qanında şəkərin səviyyəsinin kəskin düşməsi olub. Yaşanan qorxulu anlara baxmayaraq, Sudan millisi üstünlüyünü qoruyub saxlayaraq vacib qələbəni qazanıb.