Braziliya millisinin və Londonun “Çelsi” klubunun sabiq ulduzu Oskar, 34 yaşında peşəkar karyerasını rəsmən başa vurduğunu elan etdi. Lakin bu qərar futbolçunun öz istəyindən ziyadə, ötən ilin noyabrında yaşadığı və ölümdən döndüyü dramatik hadisədən doğan tibbi zərurət kimi qiymətləndirilir.
Hadisə 2025-ci ilin noyabrında, Oskarın karyerasına başladığı və illər sonra geri döndüyü “San-Paulu” klubunun məşq bazasında baş verib. Rutin müayinə zamanı futbolçunun vəziyyəti qəfil pisləşib. Həkimlərin hipotoniya diaqnozu qoyduğu həmin anları Oskar belə xatırlayır: “Müayinə zamanı huşumu itirdim. Təzyiqim düşdü, ürəyim dayandı və həkimlər iki dəqiqə ərzində mənə süni tənəffüs verməli oldular. Bu, əsl şok idi. Ürəyim təxminən iki dəqiqə dayanıbmış”.
Sosial media hesabında pərəstişkarları ilə vida mesajını bölüşən braziliyalı kədərini gizlətməyib. O, hələ də yaşıl meydanlarda mübarizə aparmaq iqtidarında olduğunu, lakin tibbi göstərişlərlə barışmaq məcburiyyətində qaldığını bildirib: “Arzum ‘San-Paulu’ üçün daha çox iş görmək və uzun illər oynamaq idi. Fiziki keyfiyyətlərim və yaşım buna imkan verirdi, amma təəssüf ki, taleyin hökmü belə imiş”.
Oskarın futbol yolu həm böyük uğurlarla, həm də radikal qərarlarla yadda qalıb. 2012-2017-ci illərdə “Çelsi” forması ilə iki dəfə Premyer Liqa və Avropa Liqasının qalibi olan yarımmüdafiəçi, dövrünün ən istedadlı oyunçularından biri sayılırdı. 26 yaşında, karyerasının zirvəsində olarkən nəhəng müqavilə qarşılığında Çinə yollanması onu Avropa futbolunun mərkəzindən və Braziliya millisindən (48 oyun, 12 qol) uzaqlaşdırdı.
2025-ci ildə doğma klubuna qayıdan Oskarın son rəsmi matçı həmin ilin iyuluna təsadüf etdi. Zədələr və noyabrdakı ciddi ürək problemi onu sevimli peşəsindən birdəfəlik ayırdı. Oskar futbol tarixinə zərif toxunuşları, uzaq məsafəli qolları və erkən yaşda etdiyi gözlənilməz seçim ilə həkk olundu.