Seneqal millisinin tərəfdarları “Komo”nun baş məşqçisi Sesk Fabreqasın “Roma” ilə oyundan sonra gənc hücumçu Assane Diao haqqında verdiyi açıqlamalara sərt reaksiya göstərirlər. Afrika Millətlər Kubokuna dəvət alan 20 yaşlı futbolçu matçın 37-ci dəqiqəsində zədələnərək meydanı tərk etməli olub.
Matçdan sonra jurnalistlərə danışan Fabreqasın bu sözləri böyük narazılıq yaradıb:
“Mən milli komandaların böyük pərəstişkarıyam və oyunçularımın yığmaya çağırılmasına həmişə sevinirəm. Lakin mən Seneqalın baş məşqçisindən Diaonu dəvət etməməyi xahiş etmişdim. Çünki o, son səkkiz ayda mütəmadi olaraq zədələnib və demək olar ki, oynamayıb.
Bəlkə də Diaonun bu gün oynaması doğru deyildi, amma mən onu seçdim. Çünki sabah o, yola düşür və mən növbəti beş həftə ərzində ondan istifadə edə bilməyəcəyəm. Maaşını biz ödəyirik, ona görə də qoy heç olmasa bir az bizim üçün oynasın.”
Seneqal tərəfi bu yanaşmanı oyunçuya qarşı “istismar” və hörmətsizlik kimi qiymətləndirir.