AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın (U-20) gənclər yığmasının yeni baş məşqçisi Ruy Jorjenin təyinatı və ölkəmizin ev sahibliyi edəcəyi 2027-ci il Dünya Çempionatına hazırlıq prosesi ilə bağlı mətbuat konfransı keçirib.
Sərxan Hacıyev çıxışında Ruy Jorjenin zəngin karyerasına və məşqçilik təcrübəsinə xüsusi diqqət çəkib: “Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi DÇ-2027 ilə bağlı təşkilati işlər sürətlə davam edir. Ruy Jorje həm futbolçu, həm də məşqçi kimi böyük yol keçib. Portuqaliya millisində 45 oyun keçirməsi və 15 ilə yaxın Portuqaliya U-21 komandasına rəhbərlik etməsi onun peşəkarlığının göstəricisidir. İnanırıq ki, onun təcrübəsi futbolçularımızın evdə keçiriləcək mundialda uğurlu çıxışına ciddi təkan verəcək”.
Mütəxəssislə birlikdə Azərbaycanda daha iki portuqaliyalı köməkçi — Aleşandru Silva və Romeu Almeyda çalışacaq. Həmçinin, məşqçilər korpusuna yerli gənc mütəxəssislərdən birinin də əlavə edilməsi planlaşdırılır.
Ruy Jorjenin illik 500 000 avro maaş alacağı ilə bağlı yayılan iddialara toxunan vitse-prezident, AFFA-nın müqavilə detallarını açıqlamamaq siyasətinə sadiq qaldığını bildirib. O, seçim zamanı bir neçə namizədin olduğunu, lakin İcraiyyə Komitəsinin məhz portuqaliyalının uzunmüddətli gənclər futbolu təcrübəsinə görə onun üzərində dayandığını vurğulayıb.
Milli komandanın qarşısına qoyulan əsas vəzifə qrup mərhələsində layiqli oyun nümayiş etdirmək və rəqabətədavamlı komanda formalaşdırmaqdır. Çempionatın təfərrüatları barədə isə bunları qeyd edib: “Turnir sentyabr-oktyabr aylarını əhatə edəcək və təxminən 21-23 gün davam edəcək. Turnir sentyabr-oktyabr aylarını əhatə edəcək və təxminən 21-23 gün davam edəcək”.Yığmanın gücləndirilməsi üçün xaricdən gətiriləcək futbolçular məsələsinə aydınlıq gətirən Sərxan Hacıyev, kütləvi naturalizasiyanın tərəfdarı olmadıqlarını bildirib: “Komandada ‘legioner axını’ olmayacaq. Prioritetimiz valideynlərindən biri azərbaycanlı olan və ölkəsinin şərəfini qorumağa ürəkdən can atan istedadlı gənclərdir. 20 oyunçudan 17-nin kənardan gətirilməsi kimi bir praktika tətbiq edilməyəcək”.