Premyer Liqanın 22-ci turunda keçirilən “Şamaxı” – “Neftçi” (2:2) qarşılaşmasından sonra paytaxt təmsilçisinin baş məşqçisi Yuriy Vernidub mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssis oyunun nəticəsindən çox, qarşılaşma zamanı verilən qərarlara və komandasına qarşı olan münasibətə toxunub.
Vernidub oyunun texniki tərəflərindən danışmaq istəmədiyini bildirərək, narazılığını bu sözlərlə ifadə edib: “Oyunu şərh etmək istəmirəm. Qoy bu qərar üçün məsuliyyət daşıyan kimdirsə, o da şərh versin. Futbolçularımın oyunundan razıyam, lakin bu gün baş verənlər adama ağır gəlir. Belə hallar futbolu bəzəmir. Hakimlik problemi hər yerdə var, təkcə Azərbaycanda deyil. Amma biz komanda olaraq bu gün çox kədərli anlar yaşadıq, özümüzü pis hiss edirik”.
Baş məşqçi komandanın inkişaf tempinin qarşısının alınmağa çalışıldığını iddia edib: “Biz ciddi şəkildə inkişaf etməyə başlamışıq… Sanki kimsə “Neftçi”nin yüksəlişini istəmir. Lakin biz dayanmayacağıq və yalnız irəli gedəcəyik. Bu yolu yalnız ən güclülər davam etdirə bilər”.
Matçın son dəqiqələrində meydançanı bürüyən güclü duman fonunda oyunun davam etdirilməsinin nə dərəcədə doğru olması barədə suala Vernidub qısa və kinayəli cavab verib: “Bilmirəm. Görünür, VAR o dumanın içində epizodu çox aydın görüb”.