“Sabah” Premyer Liqada növbəti qələbəsini “Sumqayıt” üzərində rəsmiləşdirib (3:1). Matçdan sonra media mənsublarının suallarını cavablandıran baş məşqçi Valdas Dambrauskas, qələbə sevincinə rəğmən, çempionatda yaranan fasilənin komandanın hazırkı yüksək ritminə təsir edə biləcəyindən söz açıb.
Qələbə münasibətilə komandasını və azarkeşləri təbrik edən Dambrauskas, oyunun çətin keçəcəyini öncədən bildiklərini vurğulayıb: “Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi oyunçularda müəyyən konsentrasiya itkisinin yaşanması gözlənilən idi. Lakin mən onların oyuna yanaşmasından və əzmkarlığından çox razı qaldım. Birinci hissədə hesab 1:0 olarkən çoxsaylı imkanlardan yararlana bilmədik. İkinci yarıya isə daha mobil başladıq və fərqi artırdıq. Hesab 3:0 olandan sonra oyunun ipini bir qədər əldən verdik və son dəqiqədə lazımsız qol buraxdıq. Amma ümumilikdə komandanın çıxışı məni qane etdi”.
Çempionatda yaranacaq 13-14 günlük fasilə barədə danışan baş məşqçi, oyunçuların fiziki formasını itirməkdən qorxmadığını bildirib: “Xüsusi bir tapşırıq olmayacaq. İstəyirəm ki, futbolçular 3-4 gün futbolu tamamilə unutsunlar. Hazırda yaxşı formadayıq və qayıdandan sonra da belə olacağına inanıram. Düzünü desəm, bu fasilənin olmasını istəməzdim, çünki komanda ritmini itirə bilər. Lakin qayıtdıqdan sonra “Qarabağ”ilə oyuna ən yüksək səviyyədə hazırlaşacağıq”.
Dambrauskas həmçinin özünün də qısa müddətlik vətəni Litvaya yollanacağını və futbol düşüncələrindən bir qədər uzaqlaşmağa çalışacağını qeyd edib.