Çempionlar Liqasının 1/4 finalında səfərdə “Real” üzərində qazanılan möhtəşəm qələbənin ardınca “Bavariya” daxili çempionatda da fırtına kimi əsib. Madrid zəfərinin ruh yüksəkliyi ilə Hamburqa yollanan münhenlilər, Bundesliqanın 16-cı pilləsində qərarlaşan “Sankt-Pauli”yə heç bir şans tanımayıblar.
Görüşün aşkar favoriti olan qonaqlar artıq 9-cu dəqiqədə Camal Musialanın qolu ilə hesabı açıblar. Bu qol sadəcə üstünlüyü rəsmiləşdirməyib, həm də “Bavariya”nı tarixin zirvəsinə daşıyıb. Belə ki, bu zərbə ilə klubun cari mövsümdə vurduğu qolların sayı 101-ə çatıb. Bu nəticə klubun 1971/72 mövsümündə (həmin qolların 40-ı əfsanəvi Gerd Müllerin payına düşmüşdü) müəyyənləşdirdiyi rekordun təkrarı deməkdir.
Fasilədən sonra təzyiqi daha da artıran münhenlilər rəqibin müdafiə səddini darmadağın ediblər. Ardıcıl qollarla yadda qalan ikinci hissədə Leon Qoretska, Maykl Olise, Nikolas Cekson və Rafael Gerreyro rəqib qapısına yol taparaq “Bavariya”ya tarixi rekordu təzələmək fürsəti veriblər.
Günün ən çox müzakirə edilən məqamı isə Bundesliqanın bombardiri Harri Keynin (31 qol) bütün qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirməsi olub. Artıq ardıcıl ikinci matçdır ki, ingilis forvard meydandan kənarda qalır.
Harri Keynin ehtiyatda qalması Robert Levandovskinin 2020/21 mövsümündə imza atdığı 41 qolluq tarixi rekordu yeniləmək hədəfinə ciddi zərbə vurur. Çempionatın sonuna cəmi 5 tur qalsa da, ingilis forvardın 10 qolluq fərqi qapatmaq üçün zamanı daralır. İndi bütün azarkeşləri tək bir sual düşündürür: Keyn qalan qısa müddətdə bu mümkünsüz görünən zirvəni fəth edə biləcəkmi?