“Neftçi” oyuna fəal başladı və qonşu şəhərə 3 cal dalınca gəldiyini ilk dəqiqələrdən göstərdi. Bakılıların fəallığı tezliklə özünü göstərdi və artıq 9-cu dəqiqədə Varqas hesabı açdı. Lakin hakim müasir texnologiyanın müdaxiləsindən sonra ofsayd qərarı verdi. Bundan sonra da “Neftçi” fəal oynadı. Xüsusən də Almeyda-Farac-Varqas üçlüyü meydan sahiblərinə çətinlik yaradırdı. Yuri Vernidubun yetirmələri nəhayət 36-cı dəqiqədə istəyinə nail oldu. Varqas penaltini dəqiq yerinə yetirdi. Penaltinin qazanılmasında da bu üçlük əsas rollarda idi. İlk yarı oyunun məntiqi gedişimə uyğun başa çatdı. Ərazi üstünlüyünə malik olan və daha çox hücumlar edən “Neftçi” fasiləyə öndə yollandı. Saşa İliçin komandası isə demək olar heç nə ilə yadda qalmadı.
İkinci hissə tam əksinə başladı. “Sumqayıt” cərimə zərbəsi ilə hesabı bırqbərləşdirdi. Ninkoviçin sol cinahdan göndərdiyi top birbaşa qapıya düşdü. Burada bakılıların qapıçısı da səhvə yol verdi. Amma meydan sahibləri elə standart vəziyyətdən də ikinci topu buraxdı. Künc zərbəsindən gələn topu kamerunlu Metyu başla qapıdan keçirdi. İliçin yetirmələri oyunun axarını dəyişmək üçün heç nə ilə yadda qalmadı. Nə yaradıcılıq, nə təşəbbüs, nə də potensial oyunu xilas etmək üçün yetərli deyildi. Üstəlik, az öncə meydana çıxmış Abubakar qol hissiyatını hələ itirmədiyini göstərdi. O, künc zərbəsi zamanı müdafiəçidən qayıdan topu qapıya göndərdi.
Premyer Liqa, 26-cı tur
“Sumqayıt” – “Neftçi” 1:3
Nikola Ninkoviç, 53 – Freddi Varqas, 36-p. İfeany Metyu, 65. Vensan Abubakar, 89.