“Barselona”nın gənc ulduzu Lamin Yamal katalon klubunun heyətində 100-cü oyununa çıxaraq futbol tarixinə adını qızıl hərflərlə həkk edib. Cəmi 18 yaş 272 günlüyündə bu inanılmaz mərhələyə çatan Yamal, “Espanyol” üzərində qazanılan 4:1 hesablı parlaq qələbə ilə bu uğuru bayram edib.
Yamal bu nəticəsi ilə “Real “in əfsanəvi hücumçusu Raul Qonsalesə məxsus olan rekordu yeniləyib. Raul La Liqada 100-cü oyununu 19 yaş 284 günlüyündə keçirmişdi. Bu isə o deməkdir ki, Yamal əfsanəvi ispaniyalını bir ildən çox fərqlə qabaqlayıb. Siyahının üçüncü pilləsində isə İker Muniain (19 yaş 293 gün) qərarlaşıb.
Gənc istedad təkcə rəqib klubların yox, həm də “Barselona”nın digər yetirmələrinin nəticələrini geridə qoyub. Belə ki, klubun digər ulduzları — Qavi və Boyan Krkiç 100 oyun həddinə yalnız 20 yaşlarında çata bilmişdilər.
Kataloniya derbisində Yamal sadəcə meydanda olmaqla kifayətlənməyib. O, bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalaraq qələbədə pay sahibi olub.
Lamin Yamalın La Liqadakı ümumi statistikası heyrət doğurur: gənc ulduz meydana çıxdığı 100 qarşılaşmada 29 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.
Yamalın karyerası artıq indidən “ilk”lərlə doludur. O, indiyədək aşağıdakı rekordlara imza atıb:
La Liqa tarixində start heyətində meydana çıxan ən gənc oyunçu;
Liqa tarixinin ən gənc qol müəllifi və asistenti;
“Barselona”nın Çempionlar Liqasındakı ən gənc debütantı;
İspaniya millisinin heyətində rəsmi matça çıxan ən gənc futbolçu.Bu gənc fenomenin hər addımı futbol dünyasında yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. Görünən odur ki, Lamin Yamal üçün “sərhəd tanımayan rekordlar” seriyası hələ yeni başlayır.