Premyer Liqanın 26-cı turu çərçivəsində keçirilən “Turan-Tovuz”la qarşılaşmadan öncə zədələnən Xayme Sierranın durumu bəlli olub. Tibbi müayinələrin nəticəsinə əsasən, təcrübəli yarımmüdafiəçinin yaşıl meydanlara qayıtması üçün ən azı 10-15 gün vaxt lazımdır.
Bu məcburi fasilə səbəbindən “radarlar” aprelin 12-də keçiriləcək 27-ci turun “İmişli” ilə oyununda Sierranın xidmətindən yararlana bilməyəcək. Futbolçunun fərdi bərpa prosesindən sonra aprelin sonuna doğru komanda ilə məşqlərə qoşulacağı gözlənilir.
Qeyd edək ki, Sierranın yoxluğu turnir cədvəlində mövqeyini yaxşılaşdırmağa çalışan “Qəbələ”nin orta xəttində ciddi rotasiya zərurəti yaradıb.