Hazırda MLS-in “İnter Mayami” klubunda çıxış edən 38 yaşlı argentinalı ulduz Lionel Messi karyerasını bitirdikdən sonra məşqçiliklə məşğul olmaq niyyətində olmadığını, bunun əvəzinə klub sahibi olmağa üstünlük verdiyini bildirib.
Argentinanın “LUZU TV” kanalına müsahibə verən Messi ilk dəfə gələcək planlarını bu qədər açıq bölüşüb. O, məşqçilik fəaliyyətinin ona uyğun olmadığını qeyd edərək deyib: “Düzünü desəm, özümü məşqçi kimi görmürəm. Məşqçi olmaq ideyası maraqlı gəlsə də, əgər seçim etməli olsam, mən klub sahibi olmağı üstün tutaram”.
Futbolçu öz klubunu qurmaq və inkişaf etdirmək arzusundan bəhs edərkən bu sahənin onu daha çox cəlb etdiyini vurğulayıb:”Öz klubuna sahib olmaq, onu sıfırdan qurub inkişaf etdirmək, gənc oyunçulara və digər insanlara özlərini göstərmək, vacib uğurlar qazanmaq imkanı yaratmaq – məni ən çox cəlb edən budur”.
Müsahibə zamanı Messi şəxsi vərdişləri ilə bağlı maraqlı bir detala da toxunub. O, bəzən özünə bir qədəh şərab içməyə icazə verdiyini və bunu çox sadə bir üsulla etdiyini etiraf edib:“Şərabı sevirəm. Amma bəzən onu “Sprite” ilə qarışdırıram. Bu, mənim sadə seçimimdir. Belə olanda daha tez təsir edir”.