AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə olunub və müvafiq sanksiyalar tətbiq edilib.
Peşəkar Futbol Liqasının rəsmi məlumatına əsasən, meydandan kənarlaşdırılan futbolçulara qarşı aşağıdakı qərarlar qəbul olunub:
“Sumqayıt”: “Zirə” ilə matçda birbaşa qırmızı vərəqə alan Nikola Ninkoviç ciddi qayda pozuntusuna görə 2 oyunluq cəzalandırılıb. Klub isə buna görə 1000 manat cərimə ödəyəcək.
“Qəbələ”: “Sabah”la görüşdə meydandan qovulan Adriel Ba Lua da analoji səbəbdən 2 oyunluq diskvalifikasiya edilib. “Qəbələ” klubu da eyni qaydada 1000 manat məbləğində cərimə olunub.
İclasda həmçinin təhlükəsizlik və komanda intizamı ilə bağlı məsələlərə də toxunulub:
“Qarabağ”: “Şamaxı” ilə ev oyununda meydana kənar şəxs daxil olduğu üçün Ağdam təmsilçisi 2500 manat cərimələnib.
“Şamaxı”:Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubun büdcəsindən 700 manat çıxacaq.