Bu matç hər iki komanda üçün vacib idisə, “Qəbələ” üçün ikiqat əhəmiyyət daşıyırdı. Elitada qalmaq uğrunda mübarizədə əsas rəqibi olan “Kəpəz”in dirçəlişi və ötən turda “Qarabağ” üzərində qələbə qəbələliləri işinə daha ciddi yanaşmağa məcbur edirdi. Artıq gəncəlilərdən 5 xal geri qalan Kaxaber Tsxdadzenin komandası daha bir məğçubiyyətlə aqibətini çətinə salardı. Bu səbəbdən komanda “Kəpəz”lə oyunda daha diqqətli oynadı. İlk yarı demək olar bərabər keçdi. Rəqiblər maksimum səhv etməməyə çalışırdı. Ara-sıra “Kəpəz”in həmlələri olsa da, qapıçı Səlahət Ağayev yerində inamlı idi. Qonaqların heyətində isə bəzi epizodlarda Akinade və Ba Luanın ləng qərar verməyi epizodların təhlükəsini azaldırdı. Lakin ikinci hissədə “Qəbələ” düzgün yanaşma ilə iki qol vura bildi. Nominal meydan sahiblərinin fəallaşması qonaqlara sürətli əks-hücum imkanı yaradırdı. Qəbələlilərin heyətində sürətli oyunçuların olması da işə yarayırdı. Nəhayət, Akinade və Massumo bu fürsətləri qola çevirdi. Akinadenin uzaqdan vurduğu zərbəni yaxın küncdən buraxan Yusif İmanovun da qolun buraxılmasında payını qeyd etmək lazımdır. “Kəpəz”in hücumlarını isə yaxşı oyun keçirən Səlahət ustalıqla dəf edə bildi.
Bununla da vacib 3 xal qazanan “qara-qırmızılar” “Kəpəz”lə xal fərqini 2-yə endirdi və autsayder “Karvan”dan bir az da uzaqlaşmaq imkanı qazandı.
Premyer Liqa, 26-cı tur
KƏPƏZ – QƏBƏLƏ 0:2 (0:0)
Qollar: İsmahil Akinade, 74 (0:1), Domi Massumo, 89 (0:2)
Yevlax, Şəhər stadionu
Baş hakim: Vüqar Həsənli
“Kəpəz”: Yusif İmanov, Ehtiram Şahverdiyev (Camal Cəfərov, 61), Rauf Hüseynli, Fərid Nəbiyev (Sadiq Şəfiyev, 80), Rəhman Hacıyev (Ümid Səmədov, 80), Paçu, Dioqo Verdaşka (k), Olavale Onanuqa, Adama Fofana, Mate Abuladze, Mahamadu Ba (Şakir Seyidov, 60)
“Qəbələ”: Səlahət Ağayev, Murad Musayev (k), Nuqay Rəşidov (Nicat Əliyev, 54), Eşqin Əhmədov, Seydina Keyta, Adriel Ba Lua (Eduardo Kunde, 83), Sambu Sissoko, İsaak Amoa, Prins Ovusu, Domi Massumo, İsmahil Akinade
Sarı vərəqələr: Mahamadu Ba, 52. İsmahil Akinade, 47.
Qırmızı vərəqə: Dioqo Verdaşka, 90+1.