Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə ilin ilk reytinq turniri davam edir. Ənənəvi “Zaqreb Open” turnirinin növbəti günündə Azərbaycanın qadın güləşçiləri mübarizəyə qoşulublar.
Bu gün komandamızın iki təmsilçisi — Əsmər Cankurtaran və Elnurə Məmmədova (hər ikisi 50 kq çəki dərəcəsində) qüvvəsini sınayıb. Elnurə Məmmədova turnirə uğurlu başlayıb və ilk görüşdə rəqibinə qalib gələrək adını 1/4 finala yazdırıb. Lakin yarımfinala gedən yolda məğlub olaraq mübarizəni dayandırıb. Təəssüf ki, Əsmər Cankurtaran ilk görüşündəcə rəqibi ilə bacarmayaraq turnirlə erkən vidalaşıb.
Qeyd edək ki, “Zaqreb Open” kimi reytinq turnirləri idmançıların dünya reytinqində mövqelərini möhkəmləndirmək və qarşıdan gələn Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Turnirdə dünyanın ən güclü güləş ölkələrindən olan yüzlərlə idmançı iştirak edir ki, bu da rəqabətin səviyyəsini xeyli artırır.