“Fənərbaxça”nın slovakiyalı müdafiəçisi Milan Şkriniar xoşagəlməz hadisə ilə üzləşib. Təcrübəli futbolçunun İstanbulun Beykoz rayonunda yerləşən villasında oğurluq hadisəsi baş verib.
“Sabah” qəzetinin yaydığı məlumata görə, naməlum şəxslər Şkriniarın evinə daxil olaraq 40 min dollar nağd pulu ələ keçiriblər. Hadisənin ən diqqətçəkən məqamı isə oğurluğun evdə yükdaşıma ilə məşğul olan işçilərin fəaliyyətindən qısa müddət sonra baş verməsidir.
Pulların yerində olmadığını görən ulduz futbolçu dərhal polis bölməsinə yollanaraq şikayət ərizəsi yazıb. İstanbul polisi hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Hazırda cinayəti törədən şəxslərin kimliyinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Şkriniarın evində çalışan texniki heyətin və yükdaşıyanların ifadələrinin alınması gözlənilir.